Bu, iki partiyanın əbədi mövqe savaşıdır

Bu, iki partiyanın əbədi mövqe savaşıdır

Sərraf Hüseynov: "Keçirdikləri bütün aksiyalarda, sosial şəbəkələrdə olan müzakirələrdə Müsavat və AXCP gənclərinin bir-birindən izolyasiya olunduğu aydın görünür"

"Siyasi partiyaların birinci şəxsləri atdıqları hər addımda rəhbərlik etdikləri təşkilatın mövqeyini, məramını və ətrafa olan münasibətini ifadə edirlər. Bu gün ölkəmizdə özünü müxalifət, hətta bəzən ana müxalifət adlandıran Müsavat və AXCP partiyalarının sıravi üzvlərindən tutmuş, birinci şəxsinə qədər atdıqları addımlar, səsləndirdikləri fikirlər, sərgilədikləri mövqelər onların hələ ki öz aralarından böyük problemin, anlaşılmazlığın olduğunu təsdiq edir". Bu fikirləri "Səs" qəzetinə açıqlamasında YAP Gənclər Birliyi Ofisinin rəhbəri Sərraf Hüseynov bildirib.

Onun sözlərinə görə sosial şəbəkələrdə yazılan fikirlər, verilən bəyanatlar, "vahid"in axtarışı prosesi də bundan xəbər verir: "İndiki rəhbərliyin olduğu müddətdə bu iki partiyanın əbədi mövqe savaşının, barışmazlığının davamlı olacağı bəllidir. Bəlli olan bir başqa fakt isə onların bu "ənənə"ni gələcəkdə də davam etdirmək niyyətinin olmasıdır. Bu səbəbdən hər iki rəhbər partiyalarının gənclərini də ideya baxımından bir-birinə düşmən ediblər. Keçirdikləri bütün aksiyalarda, sosial şəbəkələrdə olan müzakirələrdə Müsavat və AXCP gənclərinin bir-birindən izolyasiya olunduğu aydın görünür:. Hərəsinin öz dəstəsi, hərəsinin öz şüarı, hərəsinin öz "ərazisi".

S.Hüseynov onu da qeyd etdi ki, hər kəs öz dəstəsini başına yığıb ona verilən təlimatı icra etməklə məşğul olur: "Səhəri gün isə onların bu şousunu şərh edən qəzetləri də fərqli məqamları qabardırlar – filan partiyanın gəncləri, filankəsin başçılığı altında daha fəal oldu - deyə fikirlər səsləndirirlər. Bir müddət bundan əvvəl aqressivlik o qədər yüksəlmişdi ki, hətta bu gənclər öz rəhbərlərini, öz "dost"larının təhqirlərindən qorumaq işi ilə məşğul olurdular. Bütün bunlar onu göstərir ki, rəhbərləri necədirsə, onların gələcəyini müəyyən edən gəncləri də elədir. Zaman ötdükcə simalar dəyişsə belə, mahiyyət dəyişməz qalacaq. Əbədi "çütlüyün" əbədi "mübarizəsi" davam və inkişaf edəcək".

Babək Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə