AŞPA sədri Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb
Avropa Şurası Parlament Assambleyasının qış sessiyası çərçivəsində qurumun sədri Jan-Klod Minyon Azərbaycanın və Ermənistanın AŞPA yanındakı daimi nümayəndə heyətinin rəhbərləri ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində danışıqların aparılmasının vacibliyi vurğulanıb.
Bundan əvvəl isə AŞPA sədri açıqlamasında bildirib ki, bu görüşdə Dağlıq Qarabağ üzrə Alt Komitənin gələcək fəaliyyəti müzakirə olunacaq: "Bu görüşdə məsələyə dair veriləcək qərar AŞPA-nın Büro iclasına təqdim olunacaq. AŞPA sədri kimi yox, şəxsi mövqeyim budur ki, mən Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin davam etdirilməsinin əleyhinəyəm. Bu məsələnin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur, mən Minsk qrupuna etimad göstərilməsinə və münaqişənin həlli ilə bağlı ona arxalanmağa cəhd edəcəyəm".
Jan-Klod Minyonun sözlərinə görə, bundan əlavə, Minsk qrupunun münaqişənin həllinə dair təkliflərinin irəli sürülməsində daha irəli gedilməlidir: "Münaqişənin həllinə kömək edəcək təkliflər verə bilərdilər. Minsk qrupu daha operativ və effektiv olmalıdır. Mən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olacaq strukturların multiplikasiyasında maraqlı deyiləm və buna lüzum görmürəm. Artıq Minsk qrupu kimi bir struktur var. Bu, Dağlıq Qarabağ münaqişəsi kimi həssas məsələdə qarışıqlıq yaradar. Münaqişənin həlli ilə bağlı məsələdə uyğun və effektiv şəkildə fəaliyyət göstərmək bizim marağımızdadır. Əks halda deyirik ki, Minsk qrupu öz işini görmür və o, ləğv edilir. Şəxsi qənaətim budur ki, Minsk qrupu fəaliyyətini davam etdirməlidir. O, fəaliyyətini davam etdirməyə layiqdir. İlk vaxtlardan Alt Komitənin yaradılmasının əlaeyhinə olmuşam, fikrim dəyişməyib, bunlar mənim şəxsi fikrilərimdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB