Mübariz Əhmədoğlu, Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri, politoloq
İranın ABŞ-a birbaşa dialoq təklifini etməsi az qala sensasiya kimi qəbul edildi. İranın ABŞ-la dialoqu haqqında son təklifindən nisbətən uzun müddətin keçməsi, eləcə də İranın antiamerikan ritorikası əksər ekspertlərdə əbədi İran-ABŞ düşmənçiliyi fikrini yaratmışdı. Ən azı, İran prezidentinin irəli sürdüyü sonuncu dialoq təklifi sayca üçüncüdür. İran molla rejiminin ABŞ-la münasibətləri ilə bağlı iki vacib məqam unudulmamalıdır.
Birincisi İran islam inqilabının reallaşmasında şah rejiminin torpaq islahatı mühüm rol oynadı. Şah rejimi əhalinin kasıblığını aradan qaldırmaq məqsədilə torpaqları kənd camaatına paylamaq qərarı verdi. Bu vaxtilə SSRİ-də reallaşdırılmış ilkin torpaq islahatının təkrarlanması demək idi. Bu addım SSRİ ilə ideoloji müharibədə olan və özünü İranın faktiki sahibi sayan ABŞ-ın qəzəbinə tuş gəldi və şah rejiminin sosializm düşərgəsinə meyllənməsi qorxusu yarandı. Mollalar dərhal torpağın kəndliyə verilməsini dinə zidd elan edib, əhalini şahın üstünə qaldırdılar. Torpaq məsələsinə münasibətdə mollalarla ABŞ-ın mövqeyi, qəribə də olsa, tam üst-üstə düşdü.
İkincisi, İran-İraq müharibəsi zamanı ABŞ təkcə İraqa deyil, həm də İrana silah satmışdır. Molla rejimli İrana silah satışında vasitəçi İsrail olmuşdur. İndinin özündə də İran hərbi aviasiyasının böyük hissəsi vaxtilə ABŞ-dan alınmış təyyarələrdən ibarətdir və onların ehtiyat hissələrlə təmin olunması barədə İranla İsrail arasında gizli sövdələşmə var. ABŞ-ın Əfqanıstana qarşı kampaniyası zamanı və sonra İranda dialoq təklifi irəli sürüldü. Maraqlıdır ki, ABŞ-la bağlı bütün məsələlərdə indi ali dini liderin ətrafında olan adamlar daha aktiv rol oynamışlar. İranın son birbaşa dialoq təklifi birdən-birə meydana çıxmadı. İran son təklifinə ümidlə baxdığı üçün bu addımı ciddi hazırlıqdan sonra atdı.
RF-in "S-300" ZRK-lar satmaqla bağlı müqavilənin icrasını dayandırmasının səbəbinin ABŞ olduğunu bilə-bilə İran Rusiyanı beynəlxalq məhkəməyə verdi. Bu İranın ABŞ-a ilk açıq mesajı idi. ABŞ diqqət vermədi, Rusiya isə İranın bu addımının mahiyyətini başa düşmədi. Az sonra İran RF-in "Qazprom" şirkətini "Cənubi Pars" yatağından qovdu. Digər antirusiya addımları da nəzərə alsaq İran ABŞ-a başa salmağa çalışırdı ki, İran və ABŞ birlikdə antirusiya siyasət yürüdə bilərlər; təki ABŞ İranı yenidən özünün müttəfiqi hesab etsin. Bütün hallarda olduğu kimi bu dəfə də İranın dialoq təklifinin taleyi ABŞ-dan asılıdır. Əvvəlki təkliflərini rədd etmiş ABŞ-ın eyni addımı bu dəfə də atması ehtimal olunandır.
Lakin son zamanlar ABŞ-Rusiya münasibətlərinin kəskinləşməsi ABŞ-ı daha sərt addımlar atmağa təhrik edə bilər. ABŞ İranı müvəqqəti və ya daimi Rusiyaya qarşı istifadə etmək niyyətinə düşə bilər. Bu Rusiyanın İrana qarşı siyasətinin tamamilə dəyişməsi deməkdir. Bütövlükdə Qafqazın hərb meydanına çevrilməsi ehtimalı çox yüksəlir. Baş verənlərin ölkəmizin xeyrinə və ya ziyanına olacağını indidən söyləmək qeyri-mümkündür. Lakin bəllidir ki, ABŞ-ın İrana qarşı siyasətinin dəyişməsi yalnız ilk əvvəllər nüvə texnologiyalarını əhatə edəcəkdir. İran antirusiyaçılığının şiddətini artırdıqca, ABŞ qarşısında əlavə tələblər qoya bilər. O cümlədən Azərbaycan Respublikası ilə bağlı tələblər də bu tələblər içərisində ola bilər.
İran bizi özünə heç bir zaman dost bilməyib. Bizim güclənməyimiz İrana doğru addımlamağımız İranda bizimlə bağlı yalnız xofu artırıb. Bu parametrləri də nəzərə alsaq, İran-ABŞ dialoqunu daimi diqqətdə saxlamağımız ən strateji məsələyə çevrilmiş olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB