"Daşkəsəndə N saylı hərbi hissədə əsgərimiz Ceyhun Qubadovun vəfat etməsi ilə bağlı Yeni Azərbaycan Partiyası adından başsağlığı verilib. Eyni zamanda partiyamızın üzvləri ailəsi ilə birlikdə yas mərasimində iştirak ediblər". Bunu SİA-ya açıqlamasında partiyanın icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı yanvarın 8-də Azərbaycan Ordusunda hərbi xidmət zamanı dünyasını dəyişən əsgərin ölümü ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikası Hərbi Prokurorluğu və Müdafiə Nazirliyi bu məsələ ilə bağlı ciddi araşdırmalar aparırlar. İlkin araşdırmaların nəticəsi olaraq Müdafiə Nazirliyi müvafiq qərarlar qəbul edib. Hadisədə bilavasitə günahkar olan şəxslərin cəzalandırılması üçün tədbirlər görülüb. Bütün araşdırmaların nəticələri cəmiyyətə bildiriləcəkdir".
Bəzi dairələrin, xüsusilə də radikal müxalifət dairələrinin həmin əsgərin ölümü ilə əlaqədar geniş ajotaj yaratmasına da münasibət bildirən icra katibi hesab edir ki, bu məsələ ilə əlaqədar hay-küy qaldırılması düzgün hal deyil: "Bəzi radikal müxalifət dairələri və onların tabeliyində olan mətbuat orqanları baş vermiş hadisədən Azərbaycanın əleyhinə istifadə etməyə çalışırlar. Ordu hamı üçündür və hərbi xidmət ümummilli vəzifəmizdir. Ordumuzun güclənməsi, qüdrətlənməsi və psixoloji mənəvi durumunun yüksək olması düşmən Ermənistan üzərində uğurlu qələbəmiz üçün vacibdir. Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Buna görə də ordumuzda baş verən bu cür xətaları, belə faciəvi hadisələri şişirtmək və kütləviləşdirmək kiçik təfəkkürlü, aşağı səviyyəli insanların işidir. Belə faciəvi hadisələrdən siyasi kapital qazanmaq istəyənlər var. Bu cür faciələri bütövlükdə orduya qarşı yönəltmək və ordunun nüfuzuna xələl gətirən çağırışlar etmək yolverilməzdir. Xüsusilə Azərbaycan gəncliyində ordudakı vəziyyət və əsgərlərlə bağlı xof hissi yaratmaq çox təhlükəlidir. Bu gün Azərbaycan gəncləri könüllü şəkildə ordu sıralarına daxil olur. Orduda böyük cəsarət və qətiyyətlə xidmət aparır. Həmçinin ordumuzda böyük qəhrəmanlar yetişir. Belə olan şəraitdə faciəvi hadisəni şişirdərək onu bütövlükdə orduya və Azərbaycana qarşı çevirmək doğru deyil. Erməni mətbuatı bu tipli yazılar verir. Azərbaycan müxalifəti də buna oxşar yazılar verir. Bu bir daha onu göstərir ki, Azərbaycan müxalifəti ümumilli maraqlarda yanlış yoldadır. Ümummilli maraqları qorumaqla bağlı addımlar atmır və yaranmış vəziyyətdən məqamçı olaraq sui-istifadə etmək istəyir. Azərbaycan xalqı bunu qəbul etmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB