"Suriyadakı vəziyyət getdikcə kritik nöqtəyə çatmaqdadır". Bunu SİA-ya açıqlamsında politoloq Elman Nəsirli deyib. Onun sözlərinə görə, Suriya milli koalisiyasını ABŞ başda olmaqla 100-dən çox ölkə tanıyıb: "Suriya prezidenti Bəşər Əsədin taleyi ilə bağlı bir neçə versiya irəli sürülür. Onun gah Venesuelaya qaçması, gah da Moskvaya üz tutması ilə bağlı bir sıra fikirlər irəli sürülür. Ancaq B.Əsədin davranışı onu göstərir ki, onun taleyi digər ərəb monarxlarının taleyinə bənzəyəcək. Onun məqsədi sona qədər mübarizə aparmaq və sonda möcüzəyə inanmaqdır. O, elə düşünür ki, regionda Suriyadan daha qəliz bir münaqişə yaranacaq. Beynəlxalq ictimai fikir daha çox həmin münaqişəyə yönələcək və Suriya guya yaddan çıxacaq. Əsəd də belə ehtimallara ümid bəsləyir. Ancaq ortada yeganə bir plan var. Bu plan ondan ibarətdir ki, müxalifət və iqtidar nümayəndələrindən ibarət keçici hökumət yaradılsın. Əsəd isə 2014-cü il prezident seçkilərinə qədər formal da olsa prezidentliyini saxlasın. Ancaq Bəşər Əsədin xalqa son müraciətindən də görünür ki, bu planla razı deyil. Hesab edir ki, xaricdən heç bir müdaxilə olmasa, danışıqlara gedə bilər. Faktiki olaraq Bəşər Əsədin siyasətinin mahiyyəti bundan ibarətdir. Belə olan təqdirdə B.Əsəd Liviya prezidenti Müəmmar Qəddafinin taleyini yaşaya bilər".
Politoloq bildirir ki, artıq Rusiyanın özü də B.Əsədin vəkili olmaq istəmir: "Bunu Rusiya prezidenti açıq şəkildə bəyan edib. Bu onu göstərir ki, Rusiyanı maraqlandıran əsas səbəb Əsəd deyil. Rusiyanı maraqlandıran səbəb Yaxın Şərqdə yeganə hərbi dəniz bazası, Suriyanın Tartus limanında yerləşən bazasıdır. Suriya onun əsas silah alıcılarından biridir. Belə olan təqdirdə, Rusiyanı maraqlandıran əsas səbəb Əsəddən sonrakı Suriyada onun maraqlarının necə təmin olunmasıdır. Çünki o, İraq və Liviya ilə sövdələşməyə getdi. Ancaq son nəticədə oyundan kənar vəziyyətdə qaldı. Rusiya yenidən eyni səhvləri buraxmaq istəmir".
Türkiyə ərazisində yerləşdirilən patriot zenit raket komplekslərinin regiona təsirinə də münasibət bildirən politoloq qeyd etdi ki, yerləşdirilən patriotlar daha çox Türkiyənin təhlükəsizliyinin təminatçısıdır: "Türkiyə Suriya ətrafında yaşanan böhranda əsas tərəflərdən biridir. Bu baxımdan Türkiyənin mövqeyi birmənalıdır. Türkiyə hesab edir ki, Əsəd rejimi onun düşmənidir və o hakimiyyətdən getməlidir. Türkiyə hesab edir ki, Əsəd kimi əli öz xalqının qanına bulanmış şəxsin Türkiyəni müharibəyə sürükləmək və onun ərazisinə kimyəvi silahlardan atəş açması ehtimalı istisna edilmir. Buna görə də öz təhlükəsizliyini qorumağa məcburdur. Hesab edirəm ki ən optimal variant patriot raketlərinin yerləşdirilməsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB