Fikrət Məmmədov: “9.000 hektaradək torpaq sahəsinin geri qaytarılması təmin olunub”

Fikrət Məmmədov: “9.000 hektaradək torpaq sahəsinin geri qaytarılması təmin olunub”

Dekabrın 29-da ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilib. Qurumdan SİA-ya verilən məlumata görə, kollegiyada ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, son illər davamlı sosial-iqtisadi tərəqqiyə nail olunması, dövlətimizin beynəlxalq imicinin xeyli yüksəlməsi və ölkəmizin tarixi qələbələrə imza atması vurğulanıb, dövlət başçısının elə həmin gün təsdiq etdiyi "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının müstəsna əhəmiyyəti qeyd olunaraq, bu mühüm sənəddən irəli gələn ədliyyənin fəaliyyət istiqamətlərinə uyğun vəzifələrin yerinə yetirilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi tapşırılıb.

İclasda ölkə Prezidentinin ədliyyə sisteminə göstərdiyi diqqət və qayğısı, ötən ay peşə bayramı ərəfəsində bir qrup ədliyyə işçilərinin ali xüsusi rütbələrə və yüksək dövlət təltiflərinə layiq bilinməsi vurğulanaraq, təltif olunmuş ədliyyə işçilərinə nazir F.Məmmədov tərəfindən bu yüksək dövlət mükafatları təqdim edilib. Dövlət təltifinə layiq görülən əməkdaşlar çıxış edərək onların fəaliyyətinə verilən yüksək qiymətə görə ölkə başçısına dərin minnətdarlıqlarını ifadə edib, ədliyyənin inkişafı üçün bundan sonra da əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.

Kollegiyada ölkə başçısının "Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında" 26 dekabr 2012-ci il tarixli Sərəncamından irəli gələn vəzifələr, o cümlədən hadisələrin baş vermə səbəb və şəraitinin təhlil olunub aradan qaldırılması, bu sahədə məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi, korrupsiya və digər sui-istifadə hallarının qarşısının alınması, qanunun tələblərini pozan ekspertlərin ciddi intizam məsuliyyətinə cəlb olunması üzrə və s. tədbirlər müzakirə olunaraq, konkret və qəti tapşırıqlar verilib.

Eyni zamanda, humanizm ideyalarına daim sadiq qalan dövlət başçısı tərəfindən dekabrın 26-da imzalanan və 87 nəfərə şamil olunan əfv Sərəncamının nazirlik tərəfindən təxirəsalınmadan mütəşəkkil icrası barədə məruzə olunub. Bildirilib ki, ombudsmanın, millət vəkillərinin, Əfv Komissiyası, İctimai Komitə üzvlərinin, ictimaiyyət və KİV nümayəndələrinin iştirakı ilə keçirilən bu növbəti humanist aktı əfv edilmiş şəxslər və yaxın qohumları yüksək qiymətləndirərək dövlət başçısına dərin minnətdarlıqlarını ifadə ediblər. Ümumilikdə isə əfv institutunun səmərəli tətbiqi nəticəsində qəbul olunan bu kimi aktlar 5500-dən çox nəfəri əhatə edib.

İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı Milli Məclisə təqdim olunmaq üçün hazırlanan illik məruzə də müzakirə edilib. Qeyd olunub ki, 2012-ci ildə inzibati nəzarət qaydasında yoxlanılan bələdiyyə aktlarının sayı ötən illə müqayisədə 63 faiz artaraq 52.000 çox təşkil edib, onlardan 1400-ə yaxın nazirliyin təklifləri əsasında dəyişdirilib və ya ləğv edilib. 500-dən çox bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə təqdim olunub, 28 bələdiyyənin fəaliyyətində aşkar edilmiş hüquq pozuntuları, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar materiallar prokurorluğa göndərilib və onlardan 15-i üzrə cinayət işi başlanıb. Bələdiyyələr tərəfindən qanunsuz ayrılan 9.000 hektaradək torpaq sahəsinin geri qaytarılması təmin olunub. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəliliyinin gücləndirilməsi, mövcud nöqsan və çatışmazlıqların səbəblərinin təhlil olunub aradan qaldırılması, metodiki yardımın təsirliliyinin yüksəldilməsi üzrə və digər müvafiq tapşırıqlar verilib.

Bununla yanaşı, nazirliyin fəaliyyətini tənzimləyən, o cümlədən təqsirləndirilən şəxslərin və məhkumların təhlükəsiz daşınması ilə bağlı bir sıra normativ-hüquqi aktlarının təkmilləşdirilməsi məsələləri müzakirə olunmuş, habelə kadr potensialının gücləndirilməsi və yeni nəsil ədliyyə işçilərinin hazırlanmasına dair əlavə tədbirlər müəyyən olunub.

İclasda həmçinin, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə