Millət vəkili: ""Freedom House" təşkilatının hazırladığı hesabat ağ yalandır"
"Freedom House" təşkilatının dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatı qeyri-obyektiv və yalandır. Bunu SİA-ya açıqlamasına millət vəkili Aydın Mirzəzadə "Freedom House" təşkilatının dünyada insan haqlarının vəziyyətinə dair hesabatına münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, qeyri-obyektivlik burdan məlum olur ki, Bakının mərkəzində bir qrup radikal yönümlü insanın vaxtaşırı qanunsuz aksiya keçirərkən polisin onlara münasibətinə qərəzli qiymət verirlər: "Polisin vəzifəsi ictimai asayişi qorumaq və insanları qanuna hörmət etməyə dəvət etməkdir. Dünyanın bütün ölkələrində, o cümlədən Avropada belə hallarla bağlı polis öz üzərinə düşən vəzifəni yerinə yetirir. "Freedom House" təşkilatının bu məsələdə Azərbaycan polisinə irad bildirməsi sadəcə olaraq sənəd tərtibçilərinin dövlətin funksiyası və mahiyyəti barədə təsəvvürünün olmamasından irəli gəlir".
Millət vəkili hesab edir ki, Bakının mərkəzində abadlıq və yenidənqurma işlərinə görə, evləri sökülən insanlara qarşı ədalətsiz davranıldığı barədə bəyanatda qeyri-obyektivdir: "Evləri sökülən insanlar ya mənzillə, ya kompensasiya ilə təmin ediliblər. Köçürülən insanların içərisində bir neçə ailənin narazı qalması ümumilikdə böyük kütlənin narazılığı kimi qələmə verilə bilməz. Düşünürəm ki, onlar bu zaman həm Azərbaycan, həm də beynəlxalq qanunvericilik təcrübəsini sadəcə olaraq saya almamağa çalışıblar".
Bundan əlavə millət vəkili deyib ki, hesabatın yalan hissəsinə həbsxanalarda ruslara işgəncə verilməsi ilə bağlı olan məsələni aid etmək olar: "Azərbaycanda QHT-lər vaxtaşırı olaraq məhkumlarla görüşür, onların vəziyyəti ilə maraqlanırlar. Həmçinin Azərbaycan qanunvericiliyi ilə məhkumların ailə üzvləri ilə görüşü üçün maksimum şərait yaradılmışdır. Bu məsələ ilə bağlı Azərbaycana edilən ittiham ağ yalandan başqa bir şey deyil".
Millət vəkili hesab edir ki, ağ yalanlardan biri jurnalistlərin, mətbuatın, internetin təzyiqə qalması məsələsidir: "Əgər Azərbaycanda mətbuat təzyiqə məruz qalırsa "Freedom House"-un hesabatı müxalifət yönümlü qəzetlərdə necə tamailə çap olunur? Necə olur ki, hesabat açıq şəkildə dəstəklənir və hökumət tənqid olunur?
Millət vəkili bildirib ki, "Freedom House" təşkilatının hesabatının üslubu Azərbaycanda bəzi müxalifət dairələrinin və QHT-lərin üslubuna oxşardır: "Burdan da belə bir təəssürat yaranır ki, hesabat xaricdə deyil, Azərbaycanda məqsədli şəkildə hazırlanıb və ofisə göndərilib. Yada salım ki, müəyyən müxalifət dairələri vaxtaşırı Azərbaycanın beynəlxalq aləmdə mənfi imicinin formalaşdırılması üçün məqsədli şəkildə provokasiyalı addımlar atmağa çalışır. Müxailfətin bir qrup gəncinin "Avroviziya" yarışması zamanı aksiyalar keçirməyə cəhd etməsində məqsədi də "Freedom House"-un hesabatına Azərbaycanla bağlı ittihamedici bir bölmənin salınmasından ibarət idi. Azərbaycan da bəzi müxalifət dairələri bilərəkdən erməni millətçi dairələri ilə birgə Azərbaycana qarşı addımlamış olurlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB