Mahir Dərziyev: "Gürcüstanda yaşayan soydaşlarımızın əsas problemi miqrasiya ilə bağlıdır"
Bu gün Gürcüstanda yaşayan soydaşlarımızın problemləri ilə əlaqədar bir neçə azərbaycanlı ziyalının təmsil olunduğu nümayəndə heyəti mətbuat konfransı keçirib. SİA-nın verdiyi xəbərə görə, bir neçə gün öncə Azərbaycana gələn nümayəndə heyəti Gürcüstan azərbaycanlılarını Azərbaycanda qarşılaşdıqları problemlərin aradan qaldırılması üçün bir sıra dövlət orqanıları ilə görüşlər keçirib.
Onların keçirdiyi mətbuat konfransında "Gürcü arzusu" koalisiyasının üzvü Mahir Dərziyev bildirib ki, Gürcüstan və Azərbaycan dost ölkələrdir. Ancaq son dövrlər Gürcüstandakı Azərbaycan icmasını narahat edən bir sıra problemlər meydana çıxıb. "Bizim əsas problemimiz miqrasiya məsələlərdir. Bununla bağlı Dövlət Miqrasiya Xidmətinin rəhbəri Firudin Nəbiyev və onun müavinləri ilə bir sıra vacib görüşlər keçirdik. Biz əvvəldən vurğuladıq ki, Azərbaycan dövlətinin maraqlarına və qanunvericiliyinə hörmətlə yanaşırıq. Kimliyindən asılı olmayaraq Azərbaycan Respublikasının ərazisinə daxil olan hər bir əcnəbi bu ölkənin qanunlarına hörmət etməli, leqal statusla yaşamalıdır. Amma bir məsələni də diqqətə çatdırdıq ki, xaricdə yaşayan azərbaycanlılar haqqında mərhum prezident Heydər Əliyevin 2002-ci ilin noyabrında imzaladığı "Xaricdə yaşayan azərbaycanlılarla dövlət siyasəti haqqında" qanun var. Gürcüstanla Azərbaycan arasında mövcud olan strateji əməkdaşlıq, dostluq, qardaşlıq münasibətlərini, Gürcüstanda böyük sayda azərbaycanlı icmasının yaşamasını əsas gətirərək, mövcud qanunda hər hansı dəyişikliyin edilməsini, ilk növbədə cərimə sanksiyalarının aradan qaldırılmasını xahiş etdik. Həmçinin Gürcüstanda hazırkı iqtisadi durum o qədər də yaxşı deyil. Elə ailələr var ki, həmin o cərimə sanksiyaları onlara tətbiq olunub. Bu ailələr bu cərimələri ödəmək iqtidarında deyil. Buradakı gürcüstanlılar yerli statusda yaşamayanda çoxsaylı maneələrlə üzləşirlər. Yəni, həkimə müraciət edə bilmirlər, doğulan uşaqlarının şəhadətnaməsini ala bilmirlər. Elementar hüquqi prosedurları həyata keçirə bilmirlər. Gürcüstan vətəndaşlarından 4260 nəfər Azərbaycanda müvəqqəti, 2059 nəfər daimi yaşamaq icazəsi alıb. Bu rəqəmlərdən qat-qat çox insan Azərbaycanda qeyri-leqal statusda yaşayır. Harаdasa 50 minə yaxın vətəndaşımız öz dövlətinin qarşısında vətəndaşlıq vəzifələrini yerinə yetirə bilmir."
Gürcüstan Milli konqrensinin rəhbəri Əli Babayev bildirib ki, bu gün gömrük keçid məntəqələrində vətəndaşlarımız bir sıra problemlərlə üzləşir. "Bütün azərbaycanlıların bir vətəni var, bu, Azərbaycandır. Gürcüstan Azərbaycanlılarının başqa pənah aparacaq yerləri yoxdur. Ermənistana gedə bilmirik, Rusiya bizim üçün bağlıdır. Biz yetişdirdiyimiz məhsulları vaxtında Azərbaycana keçirə bilmirik. Bu da Borçalı əhalisinin onsuz da ağır olan vəziyyətini ağırlaşdırır".
Nümayəndə heyətinin üzvü Ələddin Qarabağlı isə Gürcüstanda yaşayan azərbaycanlıların təhsil, səhiyyə və başqa problemlərinin həllində aiddiyyat orqanlardan kömək etməsini xahiş etdi: "Gürcüstanda vəziyyətimiz o qədər də qənaətbəxş deyil. İşsizlik, təhsil, qaz, su, yol və işıqla bağlı kifayət qədər problemlərimiz var. Amma, bunların hamısı bizim ictimai-siyasi passivliyimizdən irəli gəlir. Azərbaycanlı icmasının zəif olmasından qaynaqlanır. Biz Gürcüstan qanunları çərçivəsində fəaliyyət göstərməsək sadalanan problemlər həllini yenə də tapmayacaq. Halbuki, Gürcüstanda hüquqi müstəvidə istənilən problemin həlli mümkündür. Bizim yeni iqtidar da bu kimi amilləri nəzərə alıb yerli özünüidarəetmədə böyük islahatlar aparmaq fikrindədir. Bu gün SSRİ dövründən qalan 183 məktəbdən hal hazırda 120-ci qalıb. Kadr çatışmazlıqları var".
Mətbuat konfransının sonunda "Gürcü arzusu" koalisiyasının üzvü Mahir Dərziyev bildirib ki, bu və digər məsələr baş nazir Bidzina İvanaşvilinin dekabrın ortalarında Azərbaycana səfəri zamanı müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB