Müxalifətin növbəti aksiyası yenə uğursuzluqla nəticələnəcək. Bunu SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.
Millət vəkilinin sözlərinə görə, planlaşdırılmamış, sosial bazası olmayan bir aksiya heç vaxt sona çatdırıla bilməz: "İstənilən partiyaya sosial dəstək olmayanda onların həyata keçirmək istədikləri bütün tədbirlər uğursuzluqla nəticələnir. Müxalifətin bundan əvvəlki addımlarının hər birində eyni vəziyyətlə qarşılaşmışıq. Ümumiyyətlə, onların elektoratının az olması istədiklərini həyata keçirməyə imkan vermir. Burada onlar üçün yerin ayrılması heç də böyük problem deyil. Mitinqləri keçirmək üçün ayrılan yerin şəhərin mərkəzi və ya şəhər kənarında olmasının məsələyə heç bir aidiyyəti yoxdur. Onları dəstəkləyənlər varsa istənilən yerdə aksiyalarını keçirə, şüarlarını səsləndirə bilərlər".
Qanunların aliliyinə müxalifət tərəfindən əhəmiyyət verilməməsinə münasibət bildirən millət vəkili qanunların aliliyinin qorunmasının vacib olduğunu bildirib: "Qanunlara əməl edilməsi sivil ölkələrin əsas atributlarından biridir. Hər bir vətəndaşın cəmiyyətdəki mövqeyindən asılı olmayaraq qanun hamı üçün bərabərdir. Bu qanunlara da əməl etmək hər bir vətəndaşın mənəvi borcudur. Əgər buna əməl olunmursa, qanun da öz sözünü deyəcək".
J.Əliyeva həmçinin müxalifət tərəfindən Konistitusiyanın dəyişdirilməsi məsələsinə də aydınlıq gətirib: "Konistitusiya istənilən vaxt dəyişdiriləcək bir sənəd deyil. Ölkənin Konistitusiyası onun ana qanunudur. Bütün qanunlar da qəbul olunanda ona uyğunlaşdırılır. Bu qanunun da kiminsə istəyi və arzusu ilə dəyişdirilməsi təklifinin irəli sürülməsi əsla qəbuledilən deyil. Bu o zaman mümkündür ki, cəmiyyətdən hər hansı bir tələb irəli sürülsün. Xalqın səsverməsi olmadan, geniş kütlələrin sandıq başına gəlmədən dəyişikliklər edilməsi absurddur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB