"Erməni diasporu iflas etdi"

Amerikadakı (ABŞ) seçkilərdə Azərbaycan üçün ən əhəmiyyətli məsələ erməni diasporunun iflasıdır. Heç bir prezidentliyə namizəd ermənilərin indiyədək təkidli müraciətlərinə müsbət cavab verməyib. Bunu SİA-ya Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib.

Siyasi şərhçi bildirib ki, məhz buna görə də ermənilər dəfələrlə hiyləyə əl atırlar: "Vaxtilə ABŞ-da yaşayan 1.5 milyon erməni yunanlarla birləşərək erməni məsələsinə kim dəstək verərsə, həmin namizədə dəstək verəcəklərini bildirdilər. Bununla belə məlum məsələdir ki, Amerikadakı erməni təşkilatları hədsiz zəifdir. Onların heç biri seçkilər ərəfəsində fəallıq nümayiş etdirməyiblər. Burada yalnız ara-bir Erməni Milli Konqresinin səsi gəlirdi".

Politoloq hesab edir ki, ABŞ prezidenti Barak Obamanın siyasətində ən böyük dəyişiklik Amerikanın daxilində və yaxın Şərq regionunda ola bilər: "Ola bilsin ki, Şərqdə NATO-ya bənzər bir blok yaradılsın və beləcə, İranla bağlı məsələ də aktivləşsin. Azərbaycana gəldikdə isə bu günə qədər nə siyasət yürüdübsə bundan sonra da həmin siyasəti davam etdirəcək. B.Obama üçün Suriya və İran məsələsi Amerikanın daxilindən də ön planda dayanır. Əgər kimsə düşünürsə ki, İrana qarşı daha aqressiv mövqedə dayanan respublikaçı namizəd Mit Romni vitse-prezident ola- ola Hörmüz boğazına hərbi qüvvə cəmləyib, bunu düşünənlər yanılırlar. Çünki ABŞ-da prezident hakim qüvvədir".

M.Əhmədoğlu hesab edir ki, Suriya məsələsində ABŞ-ın əsas qüvvəsi Türkiyədir: "Həmin dövlət nə edirsə etsin bunu yalnız Türkiyənin əli ilə edəcək. Özbaşına olaraq nə NATO nə də ki, ABŞ Suriyaya daxil ola bilməyəcək. Bu hal da baş verə bilər ki, İran və Suriya Türkiyə ilə müharibə elan etsin. Məhz həmin anda NATO tərəfdaş ölkə kimi Türkiyəyə kömək edə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə