"ABŞ prezidenti Barak Obamanı ikinci dəfə ölkə prezidenti seçilməsi münasibəti ilə təbrik edirəm. Onun ikinci dəfə seçilməsi ondan xəbər verir ki, 4 il ərzində rəhbərliyi ilə həyata keçirilən siyasət Amerika cəmiyyətini bütövlükdə qane edib. Bunun nəticəsidir ki, o yenidən seçilib". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov deyib.
Onun sözlərinə görə, Azərbaycan və Amerika arasında inkişaf edən münasibətlər mövcuddur: "Bu münasibətlər hər iki ölkənin milli maraqları çərçivəsindədir və bu maraqların reallaşmasına bilavasitə kömək edir. Bundan sonra da münasibətlərimizin yüksələn xətlə inkişaf etdirilməsinin tərəfdarıyıq. Azərbaycan tərəfi hesab edir ki, Amerika və ölkəmiz arasında münasibətlər strateji tərəfdaşlıq münasibətləri səviyyəsinə yüksəlmək istiqamətində inkişaf edir".
"Düşünürəm ki, Obamanın yenidən seçilməsi ölkələr arasındakı münasibətlərin bundan sonra da mövcud olan baza əsasında inkişaf etməsinə kömək göstərəcək. Dünyada istər beynəlxalq təhlükəsizliyin təmin edilməsi istiqamətində, istərsə də beynəlxalq terrorizmə qarşı ciddi və geniş mübarizənin aparılması siyasətinin gerçəkliyə çevrilməsində Azərbaycan yaxından iştirak edir. Bununla yanaşı, bir çox istiqamətlərdə hər iki ölkənin maraqları və həyata keçirdiyi siyasətləri üst- üstə düşür. Bu da onu deməyə əsas verir ki, bundan sonra da ölkələrimiz arasındakı münasibətlər daha da inkişaf edəcək", -deyə Əli Əhmədov əlavə edib.
Sədr müavini onu da vurğulayıb ki, Barak Obamanın rəhbərliyi altında ABŞ son 1 il ərzində Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində fəaliyyətini artırıb və bir sıra hallarda rəsmi Vaşinqton tərəfindən təşəbbüsün ələ alınması cəhdləri müşahidə olunur.
Əhmədov qeyd edib ki, Barak Obamanın yenidən prezident seçilməsi nəticəsində ABŞ bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına ciddi dəstək versə, məsələnin ədalətli həlli üçün real addımlar atmaq istəsə, münaqişənin həlli vaxtı daha da yaxınlaşar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB