Mübariz Qurbanlı: “Qərbdə müxalifəti erməni lobbisindən vəsait alan dairələr dəstəkləyə bilər” MÜSAHİBƏ

Mübariz Qurbanlı: “Qərbdə müxalifəti erməni lobbisindən vəsait alan dairələr dəstəkləyə bilər” MÜSAHİBƏ

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı SİA-ya müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik:

- Bu gün Fəvvarələr meydanında bir qrup müxalifətçi gənc razılaşdırılmamış aksiya keçirməyi düşünür. Hakim partiyanın rəsmisi kimi sizin fikirlərinizi öyrənmək maraqlı olardı...

- Əslində, Fəvvarələr meydanında bu gün saat 15.00-da bir qrup gəncin adından qeyri-qanuni mitinq keçirilməsi cəhdinin arxasında İctimai Palata dayanır. Nə qədər gizlətsələr də, həmin gəncləri bu mitinqə təhrik edən və qanunu pozmağa çağıran İctimai Palatanın rəhbərliyində dayanan şəxslərdir. Bilirsiniz ki, Azərbaycanda "Sərbəst toplaşmaq azadlığı haqqında" qanun mövcuddur. Bu qanunun tələblərinə görə, kütləvi aksiyalar, yürüşlər və digər bu kimi tədbirlər mütləq Bakı şəhər İcra Hakimiyyəti ilə əvvəlcədən razılaşdırılmalı və onlara ayrılan müvafiq yerlərdə baş tutmalıdır. Yəni, qanunda birmənalı şəkildə göstərilir ki, müvafiq icra hakimiyyəti orqanları keçirilməsi nəzərdə tutulan aksiya barədə məlumatlandırılır, müvafiq icra hakimiyyəti orqanları isə həmin ərazilərdə bu və ya digər aksiyaları uyğun hesab edirsə, o zaman bu aksiya keçirilir. Burada ictimai təhlükəsizlik, insanların mülkünə və şəxsiyyətinə toxunmaqla bağlı problemlər yaşanır. Ona görə də istənilən ölkədə bu cür tədbirlər keçirilən zaman şəhər rəhbərliyi əvvəlcədən məlumatlandırılır və təhlükəsizlik tədbirləri görülür.

İndi də müxalifət Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib və onlara qanunauyğun şəkildə müvafiq yer ayrılıb, 20-ci sahədə aksiya keçirilməsi təklif olunub. Lakin, İctimai Palatanın rəhbərliyində dayanan və gənclərin arxasında gizlənən şəxslər yenə də Azərbaycanda qarşıdurma yaratmaq, bəzi gəncləri bu cür qeyri-qanuni hərəkətlərə sürükləməklə onların həbsinə rəvac verməklə Azərbaycanda guya insan hüquq və azadlıqlarının, sərbəst toplaşmaq azadlığının pozulması və digər bu kimi iddiaları ortaya qoymaq istəyirlər. Onlar nə üçün bunu edirlər? Çünki, İctimai Palata adlandırılan bu qurum artıq iflasa uğrayıb, onun tərkibində istefalar baş verib, indiki şəraitdə bu qurumun arxasında dayananlar və bu qurumda olanlar öz mövcudluqlarını cəmiyyətə göstərmək istəyirlər. Cəmiyyətə və müəyyən dairələrə mesajlar vermək istəyirlər ki, guya bunlar hələ mövcuddurlar və güclü fəaliyyət göstərirlər. Beləliklə, gənclərin adından sui-istifadə edirlər. Qanun pozuntusu heç zaman dəstəklənmir və bundan sonra da dəstəklənməyəcək. Qanun çərçivəsində istənilən yerdə istənilən qədər aksiya keçirmək mümkündür.

Ötən aylarda "Eurovision 2012" beynəlxalq mahnı yarışması ərəfəsində İctimai Palata və burada təmsil olunan bəzi müxalifət partiyaları onlara ayrılan yerlərdə bu kimi tədbirlər keçiriblər. Amma hamı bir daha şahidi oldu ki, müxalifətin radikal qanadının gücü yoxdur. Sosial dayaqlarını itirən müxalifət kimin arxasında gizlənməsindən asılı olmayaraq, hər hansı qanunsuz aksiya keçirməyə cəhd edəcəksə, bunun effekti olmayacaq. Düşünürəm ki, bu gün radikal müxalifətin təsir dairəsində olan bir qrup gənc Fəvvarələr meydanına yaxın ərazilərə gəlsə də, polis bunun qarşısını alacaq və müxalifətin bunu kütləvi aksiyaya çevirmək cəhdi baş tutmayacaq. Bunu əvvəlcədən demək o qədər də çətin deyil. Çünki, cəmiyyətdə müxalifətin radikal qanadına dəstək yoxdur və bütövlükdə cəmiyyət Azərbaycan Prezidentinin siyasətindən razıdır.

- Bəs siz bu aksiyanı seyr etməyə gedəcəksiz?

Bilirsiz, biz hər gün günorta vaxtı Fəvvarələr meyadanında və digər parklarda gəzirik. Bu bizim iş rejimimizdə fasilə vaxtında etdiyimiz hərəkətlərdir və hamı da görür ki, mən, Siyavuş Novruzov və Kərim Kərimov hər gün günorta Sahil bağı və Fəvvaralər meydanında gəzirik. Təbii ki, bu gün də biz öz rejimimizə uyğun olaraq Fəvvarələr bağına gedib qayıdacağıq. Bu ərazidə olan vətəndəşların da çoxu yaxşı bilir ki, biz hər gün günorta vaxtı Fəvvarələr meydanı və digər yerlərdə gəzirik. Yəni, bu aksiya olsa da gedəcəyik, olmasa da gedəcəyik. Əgər orada olan vətəndaşlar bizi görüb düşünsələr ki, biz məhz bu aksiyaya görə bura gəlmişik, o zaman onlar səhv düşünəcəklər. Çünki. Biz hər gün ora gedirik.

- İndiki halda müxalifətlə dialoq məsələsinə necə baxırsız?

- Müxalifətin dialoqla bağlı anlayışında və bizim dialoqla bağlı söylədiyimiz fikirlərdə təzad var. Dialoq deyəndə, müxalifət dövlət başçısının radikalları yanına dəvət edib onlarla söhbət etməsini düşünür. Biz isə müxalifətin bu cür yanaşmasını düzgün hesab etmirik. Çünki, bu cür yanaşma məntiqli də deyil. Bizim bu məsələ ilə bağlı düşüncəmiz odur ki, dialoq cəmiyyətdə müxtəlif fikirlərə mənsub şəxslərin bir araya gəlməsi, fikir mübadiləsi aparması, bu və ya digər məsələlərlə bağlı hər hansı sənədi imzalaması və digər problemlərlə bağlı fikir mübadiləsi apararaq cəmiyyətə fikirlərini çatdırmasıdır. Biz Ramil Səfərovun azad olunması məsələsində müxalifət partiyaları ilə bir araya gələrək sənəd də imzaladıq və Avropa Parlamentinə göndərdik. Bu, dialoqun bir nümunəsi idi. Digər tərəfdən isə biz kütləvi informasiya vasitələrində müxalifətlə bir araya gələrək fikirlərimizi müzakirə edirik. Bu da dialoqdur. Bütövlükdə isə Azərbaycan cəmiyyətində dialoq mühüti mövcuddur. Dialoq mühüti odur ki, Azərbaycanın Milli Məclisi çoxpartiyalıdır, ayrı-ayrı siyasi partiya təmsilçiləri çıxışlar edərək hökumətin fəaliyyətini tənqid edir, təkliflər verirlər. Bundan əlavə, Azərbaycanda söz və mətbuat tam azaddır, mətbuatda kim nə demək istəsə, deyir. Amma müxalifətin radikal qanadı dilaoqu başqa cür düşünür və düşündüyü dialoq mühitini görmədiyi üçün "dialoq yoxdur" kimi fikirlər səsləndirir. Hazırda Azərbaycan cəmiyyəti tam dialoq mühitində yaşayır. Hakim partiya olan Yeni Azərbaycan Partiyasının qapıları isə istənilən siyasi qüvvə üçün açıqdır. Biz onlarla fikir mübadiləsi aparmağa hazırıq.

- Müxalifət tez-tez Qərbin onlara dəstək verdiyini bildirir. Bu sizi narahat edirmi?

- Bilirsiniz, müxalifət tez-tez gülməli fikirlər səsləndirir. Onlar Qərb kimə deyirlər? Əgər müxalifət Qərb deyəndə, ABŞ və Avropa İttifaqına üzv olan ölkələri nəzərdə tutursa, həmin ölkələrlə də Azərbaycanın münasibətləri hazırda yüksək səviyyədədir. Dövlət səviyyəsində və Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan Ermənistandan savayı bütün ölkələrlə normal münasibətdədir. Azərbaycanın dünyaya çıxışı və dünya təşkilatlarında mövqeyinin möhkəmliyi onun BMT Təhülkəsizlik Şurasına qeyri-daimi üzvlük üçün namizədliyini irəli sürərkən bir daha özünü göstərdi. O zaman Azərbaycana dünyanın 155 ölkəsi dəstək verdi. Hazırda Azərbaycanın mövqeyi Avropa İttifaqı, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlarda da möhkəmdir.

Qərbdə müxalifəti erməni lobbisi ilə əlaqəli və onlardan vəsait alan dairələr dəstəkləyə bilər. Həmin şəxslər isə erməni lobbisinin vəsaiti hesabına siyasi səhnədə qala bilən siyasətçilərdir. Təbii ki, bizim düşmənimiz də erməni lobbisi, Ermənistan və onları himayə edən xarici dairələrdir. Həmin dairələrin ermənilərlə bağlılığı var. Bu dairələrin Azərbaycanda olan bəzi müxalifətçiləri yönəltməsi və dəstəkləməsi cəhdləri mövcuddur. Amma mən düşünmürəm ki, Azərbaycanın bütün müxalifətçiləri həmin xarici dairələrin əlində oyuncağa çevrilib. Lakin, çox təəssüf ki, müxalifətçilərin bəziləri bilərəkdən və ya bilməyərəkdən xaricdəki erməni lobbisi ilə bağlı olan dairələrin təsiri altına düşür və milli maraqlarla bağlı olan məsələlərdə səhvlərə yol verir. Bu cür hallar indi də mövcuddur. Amma onların "Qərb bizi dəstəkləyir" deməsi çox gülüncdür. Qərb onları dəstəkləmir, sadəcə olaraq hər hansı Amerika və Avropa ölkəsindən gələn diplomat bizimlə olduğu kimi müxalifətlə də görüşür. İndiyədək Qərbin müxalifətə dəstəyini hələ açıq şəkildə heç bir dövlət rəsmisi ifadə etməyib. Kiminsə müxalifətlə görüşməsi, onları dəstəkləmək demək deyil. Çünki, onlar təkcə müxalifətlə deyil, hamı ilə görüşürlər. Müxalifətin bu cür fikirlər səsləndirməsinin əsas səbəbi Azərbaycan cəmiyyətinin daxilində guya güclərinin olduğunu və kimlərdənsə dəstək aldıqlarını göstərməkdir. Amma əslində Qərbin yüksək dairələrində Azərbaycan müxalifəti tanınmır. Ona görə də bu cür əsassız davranışlar özünü doğrultmayacaq.

- Bu yaxınlarda Gürcüstanda keçirilən seçkilərdə müxalifətin qalib gəlməsi Azərbaycan müxalifətində də "canlanma" yaradıb. Bu məsələ ilə bağlı nə deyə bilərsiz?

- İndiyədək Azərbaycanda seçkilər tam azad, demokratik və şəffaf keçirilib və bundan sonra da belə olacaq. Prezident İlham Əliyevin namizədliyi və onun müdafiəsi problem deyil. Çünki. Prezident İlham Əliyevin Azərbaycanda olan nüfuzu onun gələcək seçkilərdə qələbəsinin tam təminatıdır. Onun şəxsi və dövlət başçısı kimi fəaliyyəti, gördüyü uğurlu işlər xalqın ona dəstək verməsinə gətirib çıxarıb və bu gələcəkdə də davam edəcək. Müxalifət nəinki Gürcüstanda, hətta uzaq qitələrdə belə baş verən hadisələri Azərbaycana transfer etmək haqqında düşünür, çox gülünc proqnozlar verir və yazılar yazır. Müxalifət Afrikadan başlayaraq digər qitələrdə baş verən hadisələrin Azərbaycanla oxşarlığını axtarmağa çalışır. Bu onların düşüncəsinin məhsuludur və bir daha zəifliklərini göstərir. Guya, Gürcüstanda nə baş verib ki? Sadəcə olaraq Gürcüstanda seçkilər keçirilib və seçkilərdə İvanaşvilinin partiyası qalib gəlib. Bu hadisələrin Azərbaycana nə dəxli var? Buradan belə çıxır ki, Gürcüstanda müxalifət seçkiləri udub deyə, Azərbaycanda da qalib gəlməlidir? Bu cür yanaşma məntiqi tapdayan tezisdir. Azərbaycanda da müxalifətin güclü xalq dəstəyi olsaydı, qələbə haqda düşünə bilərdilər. Amma Azərbaycan müxalifəti heç bələdiyyə seçkilərində belə lazımı qədər namizəd tapa bilmir. Yəni, müxalifət partiyalarının bütövlükdə ideoloji və siyasi baxımdan zəifliyi mövcuddur. Gələcək seçkilərdə də müxalifət buyurub kimin namizədliyini irəli sürmək istəyirsə, sürsün! Müxalifətdən kimin namizəd olması bizim üçün önəmli deyil. Bizim üçün seçkilərin şəffaflığı və demokratik şəraitdə keçirilməsi əhəmiyyət daşıyır.

Həsən Həsənov

Bütün xəbərlər Facebook səhifəmizdə