“İrəvan sərt reaksiya verməyə cürət etmədi”

“İrəvan sərt reaksiya verməyə cürət etmədi”

"Türkiyə Suriyaya uçan Ermənistan təyyarəsini ərazisində saxlamaqla İrəvana əzələ nümayiş etdirdi". SİA-nın məlumatına görə, bu fikirləri politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi "Qarabağ saatı"nda bildirib.

O bildirib ki, bununla Türkiyə Ermənistana jest etdi ki, sabah lazım olarsa eyni təsiri Dağlıq Qarabağ məsələsində də edə bilər: "İrəvan bu əzələ nümayişindən təlaşa düşdü və dərhal Türkiyənin təyyarə ilə bağlı iradlarını qəbul etdi, sərt reaksiya verməyə cürət etmədi".

Politoloq onu da əlavə edib ki, bu gün Ermənistan Türkiyənin bölgədəki artan nüfuzunu görərək onunla yaxınlıq etmək istəyir: "Çünki bu gün regionda Rusiyanın hər üç ölkədə iqtisadi marağı olduğu halda ona qarşı müqavimət var, amma eyni halda iqtisadi marağı olan Türkiyəyə qarşı müqavimət yoxdur. Ona görə ki, Türkiyənin maraqları arzuolunandır. Ermənistan bundan narahatdır".

Politoloqun sözlərinə görə, bu gün Ermənistan özü də anlayır ki, Azərbaycan tam müharibəyə hazırdır və bunu dəfələrlə etiraf edirlər: "Onların yeganə iddia etdiyi odur ki, biz ildırım sürətli müharibəyə hazır deyilik, ancaq bunun da üzərində işləyirik. Buna baxmayaraq məsələnin elə bir önəmi yoxdur, çünki biz torpaqlarımızı işğaldan azad etmək üçün müharibəyə başlayacağıqsa, onun müddəti elə bir əhəmiyyət daşımayacaq, çünki güclü iqtisadiyyat buna imkan verir".

Bütün xəbərlər Facebook səhifəmizdə