"Ermənistanın arzuları bir xülyadır"

Elman Nəsirli: “İqtisadi Əməkdaşlıq Təşkilatını iqtisadi yönümlü bir təşkilat kimi qiymətləndirmək doğru olmazdı”
"Ermənistanın arzuları bir xülyadır"

Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XII Zirvə Toplantısının və bu kimi möhtəbər tədbirlərin Azərbaycan üçün çox böyük əhəmiyyəti var. Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirli deyib. Politoloqun sözlərinə görə, Azərbaycan artıq çox böyük toplantılara, sammitlərə ev sahibliyi etmək təcrübəsinə malikdir:

"1985-ci ildə əsası qoyulan bu təşkilatda hazırda 10 dövlət təmsil olunur. Bu dövlətlər zəngin iqtisadi potensialına, enerji resurslarına görə eləcə də tranzit baxımından xüsusi əhəmiyyət kəsb edən ölkələrdir. Bura Mərkəzi Asiya, Pakistan, İran, Əfqanıstan, Azərbaycan və s. kimi dövlətlər daxildir. Azərbaycan dövləti 1992-ci ildən bəri bu təşkilatda fəal rol oynamağa başlayıb. Dövlətimizin bu təşkilatda mühüm rol rola malik olması iqtisadi-ticarət baxımından xüsusilə əhəmiyyətlidir. İlk növbədə bizim əməkdaşlığımız təşkilata üzv olan ölkələrin sayəsində daha da genişlənib. Xüsusilə Nəqliyyat sahəsində bu əlaqələr daha mütəşəkkil xarakter alıb. Bildiyiniz kimi, tezliklə Bakı-Tbilisi-Qars dəmiryolu xətti işə salınacaq. Bu dəmiryolu təşkilata üzv olan ölkələrin iqtisadi sahədə əməkdaşlığını daha da gücləndirəcək. Heç də təsadüfi deyil ki, bu layihəyə "Dəmir İpək Yolu"da deyirlər".

E.Nəsirli hesab edir ki, bu təşkilatı iqtisadi yönümlü bir təşkilat kimi qiymətləndirmək də doğru olmazdı: "İstənilən iqtisadi məsələ həm də özündə siyasi məsələləri ehtiva edir. Məlum məsələdir ki, adı çəkilən bu dövlətlərin bir təşkilatda cəmlənməsi və onların sammitlərinin keçirilməsi və s. nəticə etibarilə bu dövlətləri bir-birinə yaxınlaşdırır və bununla belə onların spesifik problemlərinin həllinə yardım edir. Məsələn, Əfqanıstan bu təşkilata üzv olmaqla daha çox özünün terrorla mübarizə məsələlərinə, narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizədə digər doqquz dövlətdən köməklik istəyir. Eləcə də Türkiyə bu təşkilat çərçivəsində ən böyük problemlərindən biri olan PKK ilə bağlı məsələlərdə siyasi dəstəyə nail olmaq istəyir. Təbii ki, burada Azərbaycan üçün də ən vacib məsələ Ermənistanın işğalçılıq siyasəti ilə bağlı məsələdir. Həmin təşkilatda digər dövlətlərin dəstəyinin alınması çox əhəmiyyətlidir. Bununla belə təşkilatın öz daxilində olan dövlətlərin arasında müəyyən ziddiyyətlər var. Məsələn, Türkiyə ilə İran Suriya məsələsində çox ciddi fikir ayrılığı ilə üz-üzə qalıb. Məhz bu kimi sammitlər həmin o ziddiyyətli məqamların aradan qaldırılmasında müstəsna əhəmiyyətə malikdir".

Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini hesab edir ki, Ermənistan dövləti Azərbaycanı həm də onunla hədələyir ki, əgər Azərbaycanla yenidən müharibə başlayarsa, bu halda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistana kömək etməlidir: "Nəzərə alsaq ki, İqtisadi Əməkdaşlıq Təşkilatında təmsil olunan Mərkəzi Asiya dövlətləri həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləridir. Amma bu sammit çərçivəsindəki əlaqələr bir daha onu təsdiqləyir ki, Ermənistanın bu arzuları bir xülyadır. Çünki Azərbaycanın bu dövlətlərlə çox sıx əlaqələri var".

Bütün xəbərlər Facebook səhifəmizdə