AVRONEST Parlament Assembleyası çərcivəsində Avropa Xalqları Partiyasının (EPP) iclası keçirilib. İclasda Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti iştirak edib. SİA-nın YAP-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, toplantıda YAP-ı təmsil edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva çıxış edib. S.Fətəliyeva çıxışında Azərbaycandakı siyasi vəziyyət, iqtisadi inkişaf və digər məsələlərə toxunub.
Azərbaycanın 21 ildir müstəqil dövlət olduğunu deyən S.Fətəliyeva qeyd edib ki, ötən illər ərzində ölkəmiz sürətlə inkişaf edib. Bununla belə, o Azərbaycanın üzləşdiyi problemlərin inkişafa mane olduğunu vurğulayıb.
"Azərbaycan terrorızmdən əziyyət çəkir və terrora qarşı mubarizə aparır. Çünki, terror beynəlxalq sabitliyə, azadlıq və demokratik əsaslara, siyasi müstəqilliyə, ərazi bütövlüyünə zərbə vurur. Azərbaycan müəyyən terror hərəkatlarının hədəfinə çevrilib. Bunun nəticəsındə ölkəmizə qarşı etnik təmizləmələr aparılıb, torpaqlarımızın 20 faizi işğal olunub, bir milyondan çox azərbaycanlı öz daimi yaşayış yerlərindən zorla qovulmuş və ya həmin yerləri tərk etməyə məcbur olmuşlar. Lakin buna baxmayaraq, ölkəmiz siyasi və iqtisadi cəhətdən sabit dövlət kimi inkişaf edərək, hər bir sahədə uğurlar əldə edir. Bu gün Azərbaycanda siyasi sabitlik mövcuddur. Bizdə çoxpartiyalı sistem mövcuddur, parlamentdə 10-dan artıq siyasi partiya təmsil olunur" - deyə, YAP nümayəndəsi vurğulayıb.
S.Fətəliyeva inkişaf edən Azərbaycanda qadınların rolunu da xüsusi qeyd edib. Onun sözlərinə görə, Azərbaycan Şərqdə ilk ölkədır ki, qadınlara seçılmək və seçmək hüququ verilib: "Biz bu mövqeyimizi hər zaman qoruyuruq. Azərbaycan qadınları ictimai-siyasi proseslərdə həmişə fəal olmuşlar. Respublikamız müstəqillik qazandıqdan sonra qadınların cəmiyyətdə rolu daha da yüksəlmiş və fəaliyyətləri genişlənmişdir. Ölkəmizdə qadınların fəal ictimai fəaliyyətlə məşğul olmalarını çoxsaylı faktlar da təsdiqləyir. Qanunverici orqanın rəhbərliyində qadın təmsil olunur, parlamentin üzvləri arasında kifayət qədər zərif cinsin nümayəndələri var. Qadınların cəmiyyətdəki yeri və rolunun digər mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır".
Azərbaycanın demokratik dövlət olduğunu, söz və mətbuat azadlığının mövcudluğunu vurğulayan YAP nümayəndəsi bildirib ki, ümumiyyətlə, müasir qloballaşan dünya internet erasını yaşayır. Bu şəraitdə kimisə söz azadlığının pozulmasında günahkarlandırmaq gülüncdür. Onun fikrincə, hər deyilən söz, dərhal internetdə öz əksini tapır. Bununla mübarizə aparmaq mümkün deyil və məsələyə şübhə ilə yanaşanlar yalnız gülüş hədəfinə çevrilə bilər.
Çıxışında Azərbaycanın iqtisadi inkişafına xüsusi yer verən S.Fətəliyeva ölkəmizin iqtisadiyyatının sürətlə inkişaf etdiyini vurğulayıb. "10 il ərzində iqtisadiyyatımız 3 dəfə artıb, yoxsulluq 50 faizdən 7 faizə düşüb, 1 milyon yeni iş yeri açılıb. Rəsmi məlumatlara əsasən iqtisadiyyatımız 1,1 faiz artıb, iqtisadiyyatın 83 faizi özəl sektorun payına düşür. Qısa zamanda Azərbaycan investisiya olunan ölkədən, investor ölkəsınə çevirilib, Avropanın enerji təminatçılarından birinə çevrilib. Mən təsadüfən iqtisadi inkişafdan söz salmadım, heç kəsə sirr deyil ki, stabil iqtisadiyyat, stabil siyasi durumdan asılıdır. Hər kəsə məlumdur ki, ailəsi və özünün dolanacağı ilə məşğul olan insanı heç bir zaman ictimai və siyasi fəallıq düşündürməyəcək. Bizim prioritetimiz isə cəmiyyətin fəal üzvü olmaqla yanaşı, öz vətəndaş mövqelərini və düşüncələrini ifadə edən vətəndaşlar yetişdirməkdir. Azərbaycan həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Azərbaycan tolerant ölkədir. Əsrlər boyu Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələri sülh və bır-birlərini anlama şəraitində yaşayıb. Bu gün biz bütün gücümüzü regionda stabilliyin qorunması ilə yanaşı, insanlar arasında əməkdaşlıq və dostluğun inkişaf etməsinə yönəltmişik. Azərbaycan dünyaya açıq ölkədir və məqsədimiz dostlarımız üçün maraqlı və faydalı tərəfdaş olmaqdan ibarətdir" - deyə, parlamentin komitə sədrinin müavini vurğulayıb.
Çıxışdan sonra S.Fətəliyeva iclas iştirakçılarının suallarını cavablandırıb. Ermənistan nümayəndələri millət vəkilimizə Ramil Səfərov və bu hadisənin tolerantlıq mühitinə təsiri məsələsi ilə bağlı suallar ünvanlayıb. S.Fətəliyevanın suallara cavabı velə olub: "Bu haqda artıq AŞPA-da kifayət qədər müzakirələr aparılıb, yenidən təkrar edirəm ki, ekstradısiya və əfv etmə prosesındə nə beynəlxalq konvensiyanın, nə beynəlxalq hüququn, nə də Azərbaycan qanunları pozulmamışdır. Biz beynəlxalq qanunlara həmişə hörmətlə yanaşmışıq və riayət etmişik. Hüqüqşunas olmayan da başa düşməlidir ki, əfv anlayışı - cinayətlərin və əfvin tanınmasıdır. Ramil Səfərov törətdiyi cinayətə görə 8 il həbsdə olub. Ölkə rəhbərliyi bu müddətin yetərli olduğunu hesab edərək, qanun çərçivəsində onu əfv edib. Belə hadisələr ancaq bizim torpaqlarımız işğaldan azad olunandan sonra bitəcək. R.Səfərov məsələsinə Dağlıq Qarabağ məsələsindən ayrı baxıla bilməz, ona görə ki, o hadisənin arxasında məhz Qarabağ məsələsi durur. R.Səfərov məsələsı nədən hələ də gündəmdədir? Bu kontekstə niyə digər məsələlərə diqqət yönəlmir? Məhz, erməni terrorçunun Orli aeroportunda Turk hava yollarının ofisini partlatmasından sonra terrorçunun həbs məsələsi, 8 yaşlı günahsız uşağın ermənı snayperi tərəfindən güllələnməsi nədən müzakirə edilmir?! Tolerantlıq məsələsinə gəlincə, Azərbaycan Ermənistanla müharibə şəraində olmasına baxmayaraq, ölkəmizdə hal-hazırda 30 000–dən çox erməni yaşayır. Onlar rahat yaşayırlar. Bu tolerantlığın ən gözəl göstəricisidir"- deyə, S.Fətəliyeva vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB