Sarkisyanın siyasətə gəlişi təsadüfdür

Mübariz Qurbanlı: "Münaqişə hərbi yolla həll edilərsə nə Sarkisyan, nə də bu regionda Ermənistan dövləti olmayacaq”
Sarkisyanın siyasətə gəlişi təsadüfdür

Danışıqların dalana dirənməsi Ermənistanın siyasəti ucbatındandır. SİA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı söyləyib.

Deputatın sözlərinə görə, məsələnin bu həddə çatması ən çox Ermənistana ziyan vurur və vurmaqda da davam edəcək: "Ermənilər gec tez bunu anlayacaqlar. Ermənistan çökür, iqtisadi cəhətdən geriləyir, mənəvi-psixoloji cəhətdən bərbad vəziyyətdədər. Dağlıq Qarabağdakı erməniləri faktiki olaraq silah gücünə orda saxlayıblar. Ermənistanda mühacirət kütləvi hal alıb. Serj Sarkisyan Dağlıq Qarabağla bağlı danışıqlara ziyan vurmaqla həmçinin Ermənistan xalqına ziyan vurur. Hesab edirəm ki, Sarkisyanın tutduğu bu yol bumeranq xarakteri daşıyır. Azərbaycan danışıqları davam etdirmək istəyir. Hələ də sülh yolu ilə danışıqların tükənmədiyini bildiririk. Amma Sarkisyan bütövlükdə erməni xalqının maraqlarına zərbə vuran bəyanatlar verir".

M.Qurbanlı hesab edir ki, S.Sarkisyanın özünün siyasətə gəlişi belə təsadüfü haldır: "Əsl uzaqgörən siyasətçi bu cür bəyanatlar verməməlidir. Dağlıq Qarabağ bütün beynəlxalq sənədlərdə Azərbaycan torpaqları olaraq göstərilib. Bu torpaqlar gec-tez Azərbaycanın tərkibinə qayıdacaq. Lakin bunu sülh yolu ilə həll etməklə S.Sarkisyan gələcəkdə erməni xalqının daha rahat yaşamasına köməklik edə bilərdi. Münaqişə hərbi yolla həll edilərsə nə Sarkisyan, nə də bu regionda Ermənistan dövləti olmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə