Milli Məclisin bugün keçirilən iclasında deputat nişanları ilə bağlı gərgin vəziyyət yaranıb. SİA-nın xəbərinə görə, iclasda millət vəkili Etibar Hüseynov həm maaş, həm də döş nişanlarının yaxşı olmamasından şikayətlənib. O, deputat nişanlarının bərbad vəziyyətdə olduğunu vurğulayıb: "İndi dünyada hansı deputatların nişanları sancaqlı olur? Mən bu nişandan xəcalət çəkirəm. Yaxamıza taxdığımız deputat nişanı da bərbad vəziyyətdədir. Paytaxtda keçirilən tədbirlərdə, QHT-lərin tədbirlərində elə gözəl nişanlar paylanır ki… Ancaq bizim deputat nişanı hələ Nuh əyyamından qalma sancaqla taxılır. Deputatların bəziləri bahalı nişan sifariş edib taxırlar, ancaq hamının buna gücü çatmır".

Spiker Oqtay Əsədov parlamentdə rəngli printer olduğunu deyib: "1990-cı illərdə verilən medalların dəyəri başqadır. İndi deyirsiniz ki, sizə kim hansı dostluq qrupundadır, kim hara gedir, bunlar başqa məsələlərdir. Nə vaxt imkan olacaq, səfərlərə göndəriləcəksiniz. Neynəyək, döş nişanları qızıldan olsun? İndi döş nişanlarını bağlamaq istəmirlər, istəyirlər ki, iynə olsun, rahat olsun".

Bu fikirlərə cavab verən deputat Sabir Rüstəmxanlı isə 24 ildir illik deputatlıq fəaliyyəti dövründə taxdığı nişanı ilə qürur duyduğunu söyləyib. Onun fikrincə, kimsə indiki Milli Məclisin deputat nişanından xəcalət çəkirsə, bu nişan təsadüfən onun sinəsindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə