Əli Əhmədov: "Reallıqlar təhrif olunub və motivasiya nəzərə alınmayıb"

Əli Əhmədov: "Reallıqlar təhrif olunub və motivasiya nəzərə alınmayıb"

"Avropa Parlamentinin Ramil Səfərovla bağlı çıxardığı qətnamədə bütün reallıqlar təhrif olunub və motivasiya nəzərə alınmayıb. Ramil Səfərov 9 il Macarıstanda həbs cəzası çəkib və ölkəmizin böyük humanist addımı sayəsində onun əfvi reallaşıb". SİA-nın məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında Avropa Parlamentinin Ramil Səfərovla bağlı çıxardığı qətnaməyə etiraz olaraq YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov deyib.

İcra katibinin sözlərinə görə, Ramil Səfərovun əfv edilməsi Azərbaycanda milli maraqlar uğrunda siyasətin qətiyyətini əks etdirir: "Humanizm və insanpərvərlik baxımından yanaşdıqda da Prezident İlham Əliyevin Ramil Səfərovu əfv etməsi hər hansı əxlaq normaları ilə ziddiyyət təşkil etmir. Ramil Səfərova heç bir hüquqi məntiqə sığmayan sərt cəzanın verilməsi, cəzasının 9 ilini çəkməsi kimi hallar da mütləq nəzərə alınmalıdır. Mən Ramil Səfərovun işi ilə əlaqədar Avropa Parlamentinin Azərbaycanla bağlı qərarının qeyri-obyektiv və ədalətsiz olduğunu deyərkən, ilk növbədə bunları nəzərdə tuturam. Əlbəttə, dediklərim yeganə arqumentlər deyil. Ramil Səfərovun işini, onun tam mahiyyətini başa düşmək üçün məsələyə, necə deyərlər, kompleks halında yanaşılmalıdır. Avropa Parlamentinin məlum qətnaməsində məhz elə kompleks yanaşma çatmır".

Daha sonra Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların Avropa Parlamentinə müraciəti qəbul edilib. Müzakirədə Azərbaycanda fəaliyyət göstərən əksər siyasi partiayaların üzvləri iştirak edib. Müraciətdə qeyd edilir ki, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Avropa strukturları ilə Azərbaycan arasındakı ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə Avropa dəyərlərinə sadiq olduqlarını birmənalı şəkildə ifadə ediblər. Avropa Parlamrenti Cənubi Qafqaz, o cümlədən Azərbaycanla bağlı dəfələrlə müxtəlif xarakterli qərarlar və qətnamələr qəbul edib. Həmin sənədlərdə Azərbaycanın üzləşdiyi əsas problem – Ermənistanın Azərbaycana qarşı təcavüzü, Dağlıq Qarabağ münaqişəsilə bağlı obyektiv fikirlər öz əksini tapıb. Lakin bəzi hallarda Avropa Parlamentində təmsil olunan deputat qrupları bu və ya digər maraqları naminə, xüsusilə erməni lobbisinin təsiri altında reallığı təhrif edən sənədlər qəbul edir və s.

Sonra siyasi partiyaların üzvləri sənəddə əks olunanlar haqda fikirlərini bölüşüblər.

Müraciəti YAP sədr müavini Əli Əhmədov, Vətəndaş və İnkişaf Partiasının sədri Əli Əliyev, AXCP sədr müavini Razi Nurullayev, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan, Milli İstiqlal Partiyasının baş katibi Arzuxan Əlizadə, Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Böyük Quruluş Partiyası Ali Məclisinin sədri Əjdər Əliyev, Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov, Müsavat başqanın müavini Gülağa Aslanlı, BAXCP sədri Qüdrət Həsənquliyev imzalayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə