Sərdar Cəliloğlu: “İctimai Palatada səmimi ittifaq yoxdur” MÜSAHİBƏ
Azərbaycanda prezident seçkilərinin keçirilməsinə bir ildən çox vaxt qalmasına baxmayaraq müxalifət düşərgəsində ciddi siyasi gərginlik yaşanmağa başlayıb. Müsavat və AXC partiyalarının İctimai Palata adlı siyasi blokda birgə fəaliyyət göstərmələrinə baxamayaraq hansının vahid namizəd kimi iştirak etməsi aralarında narazılığa yol açıb. Müxalifət liderlərinin bir-birilərinə bu cür etimadsızlığını və düşərgədə baş verən digər hadisələri Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə birgə müzakirə etdik.
- Prezident seçkilərinə 1 ildən çox müddət var, lakin müxalifət düşərgəsində artıq fəallıq hiss olunmaqdadır. Bundan başqa siyasi blokların da sayı artıb. Siz də həmfikir siyasi liderlərlə birgə blok yaratmısınız. Bu "İctimai Palata"ya alternativ bir blok idi. Lakin siaysi blokun fəaliyyəti bir o qədər də nəzərə çarpmır. Yoxsa, blok fəaliyyətini dayandırıb?
- Əslində hər bir partiya seçkilər yekunlaşdıqdan sonra yeni seçkilərə hazırlaşmalıdır. Yəni ötən il prezident seçkilərinin rəsmi nəticələri elan olunan andan etibarən partiyalar qarşıdan gələn yeni prezident seçkilərinə hazırlaşır. Mən hesab etmirəm ki, müxalifət fəalaşıb. İqtidarda seçkilər qabağı fəallıq daha əvvəl baş verdi. Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov 3 ay bundan əvvəl YAP-ın namizədinin hazırkı prezident İlham Əliyevin olacağını bəyan etdi. Əli Əhmədov və digər YAP təmsilçiləri də namizədin məhz İlham Əliyevin olacağını açıqlayıblar. Biz gözləyə bilmərik ki, seçkilərə 20 gün qalmış dövlət bizə seçkilərdə iştirakımız barəsində xalqa məlumat verməyə icazə versin.
Bizim yaratdığımız blokun İctimai Palatanın alternativi olması da yalnış fikirdir. İctimai Palata adından göründüyü kimi ictimai güclərin mərkəzidir. Burada bəzi KİV nümayəndələri, partiya nümayəndələri toplaşıb. Bu daha geniş siyasi bir blokdur. Rauf Arifoğlu bu blokun koordinasiya şurasının üzvüdür. İsa Qəmbər siyasi partiya sədri kimi koordinasiya şurasının üzvüdür. İlqar bəy, yaxud Novella Cəfərova və başqaları qeyri-hökumət təşkilatının təmsilçisi kimi bu təşkilatın koordinasiya üzvüdürlər. Biz "Qarabağ" bloku da yaratmışıq və bizim siyasi blokumuz onunla fərqlənir ki, burada ictimai güc yoxdur, mətbuat nümayəndəsi yoxdur. Bu blok partiyanın yaratdığı blokdur və blok bu gün də öz fəaliyyətini davam etdirir. Mən bu gün hətta blokun iclasından yarım saat tez çıxıb gəlmişəm. Yəni bizim blok da fəaliyyətini dayandırmayıb. Qarabağ blokunu təsis edərkən birmənalı şəkildə biz "İctimai Palata"da alternativ bir qurum yaratmadıq, çünki yarada da bilmərik. Yaratsaydıq biz də gərək "İctimai Palata" kimi qeyri-dövlət təşkilatlarını, mətbuat nümayəndələrini, fərdi vətəndaşları oraya cəlb edərdik. Mən bu səbəbdən də yaratdığımız bloku İctimai Palatanın alternativi hesab etmirəm.
- Bayaq qeyd etdiyiniz kimi bəs nəyə görə sizin rəhbərlik etdiyiniz siyasi qurum IP getmədi? Yoxsa bunun səbəbi digər liderlərə etimadsızlıqdır?
- İctimai Palata ideyası mənə məxsusdur. Məqsədi də budur ki, parlament seçkilərindən sonra bütün seçkilərdən narazı qalan qüvvələri bir araya gətirib seçkilərin nəticələrini ləğv etmək istiqamətində mübarizə aparmaq, parlamentə buraxılmayan insanların potensialından istifadə edib xalq parlamenti yaratmaq və bu parlament vasitəsilə xalqa lazım olan qanunları, qərarları necə vermək mümkündür onu izah etmək. Siz bilirsiniz ki, bütün dünyada simvolik dövlət qurumları dəbdədir. Məsələn, Türkiyədə hər gün "Samanyolu" televiziyasında simvolik məhkəmələr olub. Bizim Azərbaycanda hansısa kanalda simvolik məhkəmə gedir. Vaxtilə bir simvolik Konstitusiya məhkəməsi də vardı ki, konustitusiya məsələləri müzakirə olunurdu. Bu baxımından biz belə bir simvolik parlamentin yaradılmasını zəruri bildik. Müəyyən bir qüvvələr bizim bu ideyamızı götürdülər, əvvəlcə bunu bir xalq parlamenti elan elədilər və müəyyən bir müddətdən sonra bunu "ictimai palata" ideyası ilə əvəz etdilər. Və "ictimai palata"nın göstərdiyi fəaliyyətlə onun yaranmasına səbəb olan ideyalar bir-birindən uzaqlaşmağa başladı. "İctimai palata"da açıq monopoliya var. İki partiya - Xalq Cəbhəsi və Müsavat "ictimai palata"nı monopoliyaya götürmüşdü. Bizim hər hansı bir birlikdə kiminsə monopoliya cəhdinin ümumi işimizə ziyan verəcəyini bilirik. Birləşmiş Millətlər Təşkilatında hansısa bir dövlət özünün veto hüququndan istifadə edəndə problemlər yaranır. Yəni burda bir monopoliya var. Orada təkcə mən təmsil olunmamışam. Bizim partiyadan 15-20 nəfərə yaxın adam İP-də iştirak edib. Düzdür, koordinasiya şurasında, seçki orqanlarında təmsil olunmur. Amma biz çalışırıq ki, ideyanın reallaşmasında mümkün qədər iştirak edək. Bilirsiniz ki, İP-nin keçirdiyi aksiyalarda ən aktiv iştirak edən partiyalardan biri Demokrat Partiyasıdır. Həbs olunanların, saxlanılanların sırasında Azərbaycan Demokrat Partiyasının üzvləri üstünlük təşkil edir. Və biz elə hesab edirik ki, biz İP-dən kənarda deyilik. Sadəcə olaraq "ictimai palata" çərçivəsində fəaliyyətimizi tam qurmamışıq. Bunun səbəbi isə "İctimai Palata"nın düzgün qurulmaması, səmimi ittifaq olmaması, ordakı qüvvələrin bir-birinə qarşı əməkdaşlıqda səmimi olmamasıdır. Biz bu gün görürük ki, Əli Kərimli də, İsa Qəmbər də qəzetlərdə deyir ki, mən prezidentliyə namizədliyimi verəcəyəm. Bir blokda mübarizə aparan qüvvələr ən azından öz aralarında bunu məsləhətləşməli, eyni vaxtda prezidentliyə namizədliklərini verəcəklərini deməməlidirlər. Buna ən azı blok qərar verməlidir ki, bizim blokdan 2 nəfər namizədimiz olacaq. Bir yerdə müttəfiqlik edirlər, bir yerdə blok yaradırlar, amma hərə çıxıb ayrı-ayrılıqda özünün namizədliyi ilə bağlı ideyalarını verirsə və bəzi məsələlərdə də ziddiyyət yaranırsa bu onu göstərir ki, bu ittifaqın özündə də səmimiyyət çatışmır. Biz ya birlik yaratmalıyıq, ya da birlik adında nə yaratmışıqsa onun xalqa heç bir xeyri olmayacaq.
- Sərdar bəy, bundan bir müddət demişdiniz ki, İP-də kök salmış insanlar təzə gələnləri "ağ-qarğa" kimi qəbul edirlər. Bu ifadənin kökündə nə durur?
- Bu təşkilat iki ildir fəaliyyət göstərir. Mitinqlər edirlər. Vaxtilə həbsxanada yatıblar. İndi mən iki ildən sonra necə gedim koordinasiya şurasında təmsil olunum. Mən belə parazitliyə siyasi kariyeramda, həyatımda qətiyyən yol verməmişəm və özümün xidməti olmayan hər hansı təşkilatın nüfuzundan da istifadə etməyi özümə rəva bilmirəm. İP iki ildir fəaliyyət göstərir. Düzdür-səhvdir, effeklidir, effektsizdir, bu başqa məsələ. Mən necə gedib o insanların işinə şərik ola bilərəm ki, mən də varam, mən bunu heç vaxt qəbul eləmirəm.
- Bayaq qeyd etdiniz ki, dəfələrlə mətbuatda müxalifətin siyasi mərkəz yaratmağının lazımlı olduğu barədə çıxış etmisiniz. İP-də insanlar arasında səmimiyyətin yoxluğundan şikayətləndiniz. Belə olduğu təqdirdə etibar etmədiyiniz insanlarla eyni təşkilatda necə mübarizə apara bilərsiniz?
Bilirsiniz, elmdə bəzi qanunlar var - ideal qaz qanunu, ideal bərklik qanunu, mayelərin ideal qanunu var. Biri də var real. Təbii ki tənqid edəndə bunu idealdan uzaqlığını tənqid edirik. Amma real olaraq belə bir qurum var. Bununla da hamımız hesablaşmağa borcluyuq. Bu baxımdan bizim İP-a bağlı tənqidlərimiz daha ideal qurum olması arzumuzla bağlıdır. Prezident seçkilərində "İctimai Palata" ola bilər ki, bir bloka çevrilsin, qeydiyyatdan da keçsin. Amma "İctimai Palata" olaraq prezident seçkilərində iştirak edə bilməz və namizəd də verə bilməz. "İctimai Palata"ya daxil olan siyasi partiyalar bir qanunlarla fəaliyyətini tənzimləyir. İndi bir faliyyət varsa həm ictimai həm siyasi təşkilat varsa elə bir qanun yoxdu ki, Azərbaycanda bu ikisinin fəaliyyətini eyni bir vaxtda tənzimləsin. Bu qanundan kənar bir fəaliyyət olur. Belə hesab edirəm ki, məhz siyasi partiyaların və yaxud da ictimai güclərin mərkəzi olmalıdır ki, həm də fəaliyyətimiz qanunauyğun olsun. Əgər qarşıdan gələn prezident seçkilərində siyasi partiyaların iddiası varsa, onda iddiaçıların birliyi yaradılmalıdır. İctimai təşkilatlarda bütünlükdə prosesə dəstək verməlidir, şəxsə yox. Vətəndaş cəmiyyəti institutlarının əsas rolu ondan ibarətdir ki, onlar iqtidarla müxalifətin arasında elə bir məsafədə dayansınlar ki, hər ikisinə nəzarət edə bilsinlər, hər ikisini tənqid edə bilsinlər və fəaliyyəti tənzimləyə bilsinlər. Demokratik İnstutların mövcudluğu ilə onların fəaliyyət fəlsəfəsi ziddiyyət təşkil edir. Bu baxımdan mən İP-nı tənqid edirəm. İP-dakı güclər özləri ayrıca bir ictimai güc mərkəzi yaratmalıdırlar. Onlar prezdent seçkilərində dəstək verə bilərlər. Seçkilərin düzgün keçirilməsinə, seçilən namizədlərin səslərinin düzgün sayılmasına, legitilləşməsinə və s. nəzarət etməlidirlər. Lakin onlar müxtəlif qüvvələr ilə bir blokda siyasi qəraralar qəbul etsələr gələcəkdə həmin siyasi qərarlardan əmələ gələcək nəticələrə görə, özləri qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərə bilməyəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB