Azərbaycan Prezidenti İlham Əliyev avqustun 13-də Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lee Ci Hanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. SİA-nın məlumatına görə, Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında ikitərəfli münasibətlərin bir çox sahələri əhatə etdiyini vurğulayan dövlətimizin başçısı əlaqələrimizin uğurlu inkişafından məmnunluğunu bildirib.
Koreya Respublikasına son səfərini xatırlayan Prezident İlham Əliyev Koreyada gedən sürətli inkişafın şahidi olduğunu dedi və ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə geniş əməkdaşlıq əlaqələrinin önəmini qeyd edib. Azərbaycanda çoxlu sayda Koreya şirkətlərinin fəaliyyətinə toxunan dövlətimizin başçısı ölkəmizdə həyata keçirilən birgə layihələrin əhəmiyyətini vurğulayıb və bu əməkdaşlığın gələcəkdə daha da genişləndiriləcəyinə əminliyini ifadə edib.
Prezident İlham Əliyev Azərbaycandakı diplomatik fəaliyyətinə və ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lee Ci Han Azərbaycan idmançılarının XXX London Yay Olimpiya Oyunlarında əldə etdiyi yüksək nəticələrə görə dövlətimizin başçısını təbrik edib. Koreyalı diplomat ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə etdi. Azərbaycan ilə Koreya arasında əlaqələrin siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə inkişafının razılıq doğurduğunu vurğulayan Lee Ci Han bu əlaqələrin daha da genişlənəcəyinə əminliyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB