1 iyul 2012-ci ilə olan məlumata görə, Yeni Azərbaycan Partiyası (YAP) üzvlərinin sayı 575.591 nəfər olub. SİA-nın hakim partiyanın rəsmi saytına istinadən verdiyi xəbərə görə, partiyanın daim dövlətçiliyin möhkəmləndirilməsi və inkişafı ideyasını əsas götürməsi, təbliğ etməsi cəmiyyətimizin hər bir üzvündə bu ideyanın daşıyıcısı olmaq arzusu yaradıb. Elə bunun nəticəsidir ki, bu ilin ilk altı ayı ərzində Yeni Azərbaycan Partiyasına üzv olanların sayı 20.559 nəfər olub. Bu göstərici isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz çoxdur. Ümummilli lider Heydər Əliyevin rəhbərliyilə yaradılmış və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının cəmiyyət arasındakı nüfuzu günü-gündən artmaqdadır.
Yeni Azərbaycan Partiyasının, ideyalarını fəaliyyət proqramı kimi qəbul etdiyi Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursa sadiqlik nümayiş etdirməsi, həmçinin, partiyanın Sədri, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasət yürütməsi, Azərbaycanı modern dövlətə çevirməsi insanların bu partiyaya olan inamını daha da möhkəmləndirib. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının cəmiyyətin inkişafını hədəfləyən çoxsaylı sosial layihələr reallaşdırması, sosiumun aparıcı kreativ və intellektual kəsimi olan gəncləri dövlətçilik, milli maraqlar ətrafında sıx birləşdirməsi, onun tərəfdarlarının sayının dəfələrlə artmasına səbəb olub. Məhz bunun nəticəsidir ki, müvafiq dövrdə partiya sıralarına qəbul olunanların 11 mindən çoxu (ötən ilin müvafiq dövründə bu rəqəm 9924 olmuşdur), yəni 53,5 faizi gənclər olub.
Təbii ki, bu cür artım bir daha insanların Yeni Azərbaycan Partiyasına, onun Sədrinə inandığını və Onu dəstəklədiyini sübut edir. Şübhə yoxdur ki, partiyanın sıraları dövlətçiliklə bağlı olan insanların hesabına bundan sonra daha da genişlənəcək və cəmiyyətimiz ölkəmizin inkişafı prosesində YAP-la birgə addımlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB