Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov Çinin ən çox oxunan qəzetləri arasında ilk üçlüyə daxil olan "China Youth Daily" qəzetinə müsahibə verib.
Müsahibədə Dağlıq Qarabağ münaqişəsinə dair suallara cavab verən F.Məmmədov bildirib ki, Dağlıq-Qarabağ münaqişəsinin həllinə dair tədqiqatlar mərkəzin aparıcı mövzularından biri olaraq qalmaqdadır. Bu məqsədlə dünyanın müxtəlif guşələrində baş vermiş etno-ərazi münaqişələrinin nizamlanması yolları təhlil olunur, onların Azərbaycan şəraitində tətbiqi imkanları üzrə tədqiqatlar aparılır, alternativ həll variantları ilə yanaşı muxtariyyət statusuna dair bir sıra modellər, o cümlədən Çinin Honkonq təcrübəsi də öyrənilir. SİA həmin müsahibəni təqdim edir:
Dağlıq Qarabağ məsələsinin yaranma mənbəyini və yaxud səbəbini harada görürsünüz?
- İlk əvvəl Dağlıq Qarabağ məsələsinin yaranma səbəbi Ermənistanın işğalçı siyasətidir. Bu siyasət təkcə Azərbaycanda məhdudlaşmır, Türkiyədə, Gürcüstanda da ərazi iddiaları var. Ermənistanın Azərbaycanın işğal faktı müasir dünyada "lokal qarşıdurmalar" çərçivəsindən çıxaraq, beynəlxalq sülh və təhlükəsizliyə təhdid kimi qiymətləndirilir. Dünyada bir sıra ölkələr vardır ki, ÇXR-də daxil olmaqla, ərazi bütövlüyü, milli birliyə və separatizm təhdidi ilə üzləşmişdir.
- Dağlıq Qarabağ münaqişəsində hazırki vəziyyəti necə qiymətləndirirsiniz?
- Heç bir dövlət ərazisinin işğalı faktı ilə razılaşa bilməz. Beynəlxalq hüquq normalarına görə, Ermənistan işğal etdiyi torpaqları geri qaytarmalı, qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları bərpa olunmalıdır. Hazırda bir milyona yaxın qaçqın və məcburi köçkünlər evlərinə qayıda bilmir. Ona görə reallıq ürəkaçan deyildir. Çünki, qəbul olunmuş 4 qətnamə bu günə qədər icra edilməyib. Göz qabağındadır ki, artıq 20 ildir ki, nə müharibə, nə də sülh şəraitində olan vəziyyətin təhlükəsizlik əsasları təmin olunmur. Odur ki, qoşunların təmas xəttində müntəzəm olaraq törədilən diversiya aktları, münaqişənin heç də "dondurulmadığı" demək deyildir. Münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həlli birmənalıdır və bu təkcə dövlətimizin, o cümlədən işğal altında olan Dağlıq Qarabağın azərbaycanlı və erməni əsilli sakinlərinin də maraqlarına, həm də beynəlxalq hüquqa, beynəlxalq təcrübəyə tam cavab verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə danışıqlarında "Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərə və azərbaycanlılara ən yüksək status verməyə hazırıq" deyə bildirib. Əsas məqsəd hər iki icmanın fiziki təhlükəsizliyi, iqtisadi inkişafı və mədəni özünəməxsusluğunun təmin olunmasıdır.
- 1994-cü ildə Moskva atəşkəsin dayandırılmasına dair saziş və Bişkek sazişi imzalanandan sonra, Dağlıq-Qarabağ münaqişəsinin həlli üçün yaradılan Minsk qrupunun əsas vasitəçiləri ABŞ, Rusiya və Fransanın münaqişənin həllində rolunu necə qiymətləndirirsiniz?
- Əgər Dağlıq-Qarabağ münaqişəsi həllini tapsa,Cənubi Qafqazda yeni bir mənzərə yaranacaq. Minsk qrupunun həmsədr ölkələri postkonflikt dövrünə hazır olmalı və yaranacaq yeni vəziyyətə uyğunlaşmalıdırlar. Biz ümid edirik ki, heç bir dövlət münaqişə həllini tapandan sonra regionun gələcək perspektivlərindən şübhələnməyəcək. Azərbaycanın Qoşulmamaq Hərəkatı təşkilatına daxil olması bunun bariz nümunəsidir.
- Son zamanlar Azərbaycan nəinki Cənubi Qafqazda, hətta MDB ölkələri arasında iqtisadiyyatının sürətli inkişafına görə lider ölkəyə çevrilib. Sizcə ölkəmiz bu üstünlüyündən istifadə edib Dağlıq Qarabağ məsələsinin həllinə təkan verə bilərmi?
- Sosial iqtisadi inkişafın perspektivliyi baxımından Azərbaycan üstünlüyə malikdir. Ermənistan müqayisədə regional və qlobal layihələrdən kənarda qalıb, xarici borcu 7.3 milyarda ABŞ dolları ümumi daxili məhsulun (9.8 milyard ABŞ dolları) 74% təşkil edir. Borc nisbətinə görə iflasa uğramaq baxımından Yunanıstanın göstəricilərinə yaxınlaşır. Qonşunun kasıb olması Azərbaycan üçün də bir təhlükədir. Ermənistan konstruktiv mövqe tutsa, Dağlıq-Qarabaq və Ermənistan daxil olmaqla bütün Cənubi Qafqaz regionunu inkişaf etdirmək olar. Çünki Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sona çatması, Azərbaycan-Ermənistan, Ermənistan-Türkiyə sərhədlərinin açılmasına gətirib çıxaracaq. Bununla, Ermənistan iqtisadiyyatının inkişafı üçün şərait yaranacaq. Hazırda Azərbaycan Gürcüstana 3 mlrd. dollarlıq investisiya qoyub və ölkəmiz xarici ölkələrdə geniş investisiya yatırmaq marağındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB