Elmar Məmmədyarov Argentina prezidenti ilə görüşüb

Elmar Məmmədyarov Argentina prezidenti ilə görüşüb

Argentina Prezidenti Kristina Fernandez de Kirçner Argentinada səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətini qəbul edib.


Nazirliyin mətbuat xidmətindən SİA-ya daxil olan xəbərə görə, Argentina Prezidenti son illər iki ölkə arasında əməkdaşlığın dinamik inkişafından məmnun olduğunu qeyd edib. Həm Argentina və həm də Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyata malik olduğunu bildirən Prezident Kirçner iki ölkə arasında əməkdaşlığın inkişafının qarşılıqlı səmərəli nəticələrə gətirib çıxaracağına əmin olduğunu söyləyib.


Qəbula görə təşəkkürünü bildirən Elmar Məmmədyarov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Argentina dövlət başçısına çatdırıb və Azərbaycan Prezidenti tərəfindən argentinalı həmkarına ünvanlanmış Azərbaycan Respublikasına rəsmi səfərə dəvət məktubunu təqdim edib.


Nazir Elmar Məmmədyarov ölkəmizin son illər ərzində əldə etdiyi yüksək iqtisadi nailiyyətlər, inkişaf strategiyası, regional inkişaf və əməkdaşlıqdakı rolu, beynəlxalq nüfuzunun güclənməsi, xarici siyasət prioritetlərindən, eləcə də Latın Amerikası ölkələri ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olmasından danışıb. Bu istiqamətdə, Argentinanın ölkəmiz üçün xüsusi önəm daşıdığını bildirən Elmar Məmmədyarov Cənubi Amerikada ilk diplomatik nümayəndəliyimizin də məhz Buenos-Ayresdə təsis edildiyini qeyd edib, habelə Argentina tərəfinin Bakıda Səfirliyinin təsis edilməsi ilə bağlı verdiyi qərarına görə Azərbaycan Respublikası adından Prezident Kirçnerə təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə