Mübariz Əhmədoğlu: “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçilərsiz danışıqlar həlledici rol oynaya bilər”- Münasibət

Mübariz Əhmədoğlu: “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçilərsiz danışıqlar həlledici rol oynaya bilər”- Münasibət

Bu gün Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu qondarma "Dağlıq Qarabağ Respublikası"nda baş tutan \"prezident seçkiləri\" ilə bağlı mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, konfransada çıxış edən Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ermənilərin mövqeyinin zəifləməsini ermənilər özləri də etiraf edirlər. "Bu konteksdə erməni siyasətçilərin müxtəlif zamanlarda verdiyi bəyanatların müqayisəli təhlili maraqlı nəticələri ortalığa qoyur. Hətta yaxın dövrlərdə verilən bəyanatlar da Ermənistanın mövqeyinin sürətlə zəiflədiyini göstərir. Erməni rəsmiləri etiraf edirlər ki, regional hərbi və siyasi balans əvvəlki vəziyyətdə deyil, dəyişiklik ermənilərin ziyanınadır. Hətta rusiyapərəst ermənilər Rusiyanın regional gücünün zəiflədiyini, Qarabağ məsələsində Qərbə güzəştə getməyə məcbur olduqlarını etiraf edilər. Dağlıq Qarabağdakı ermənilərin fikrincə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfər etməsinə, münaqişənin tənzimlənməsilə məşğul olmasına baxmayaraq Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Ermənistanın və Dağlıq Qarabağın mövqeyi getdikcə zəifləyir. Belə şəraitdə ermənilərin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Ermənistan və Azərbaycan arasında vasitəçilərin iştirakı olmadan birbaşa danışıqların aparılması ideyası başa düşüləndir. O cümlədən ideya müəllifinin Ermənistanın birinci prezidenti L.Ter-Petrosyanın beynəlxalq məsələlər üzrə müşaviri işləmiş J.Liparityanın olması da başa düşülür. Xarici havadarlarının köməyilə Dağlıq Qarabağ və digər Azərbaycan torpaqlarının işğalına nail olmuş ermənilər indi işğalın davamında beynəlxalq aləmin onlara dəstək verməməsindən narahatdırlar və bu yolla onlara etiraz bildirirlər".

Tədbirdə çıxış edən Mübariz Əhmədoğlu həmçinin onu da vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında birbaşa, vasitəçilərsiz danışıqlar Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində həlledici rol oynaya bilər. Vasitəçilər və beynəlxalq aləmin digər güclü oyunçuları Ermənistana təsirləri ilə münaqişəsinin tənzimlənməsini yubadırlar. Onun sözlərinə görə, münaqişənin tənzimlənməməsində ilk növbədə Ermənistan özü ziyan çəkir: "Ermənistan dövləti borc içindədir, əhali köçüb gedir, indi Ermənistana heç kim borc vermir. Belə halda Azərbaycanla Ermənistan arasında bütün danışıqların Dağlıq Qarabağ ərazisində keçirilməsi və Dağlıq Qarabağın dialoq ərazisinə çevrilməsi ilə orada təkcə rəsmilər deyil, həm də iş adamları regionun gələcəyini müzakirə edə bilərlər. Birgə investisiya layihələri işləyib hazırlayaraq ilk olaraq Dağlıq Qarabağ ərazisində reallaşdırmağa başlaya bilərlər. Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları bütün bu proseslərin hamısında birlikdə ən yaxından iştirak etməlidirlər. Bunun üçün Ermənistan-Azərbaycan birbaşa danışıqlarının başlanıb hər iki tərəf, o cümlədən, ilk olaraq Ermənistana fayda verməsi üçün Ermənistan Azərbaycanın ərazilərindən işğalçı qoşunlarını çıxarmalıdır. Başlanğıc kimi Laçın və Kəlbəcər rayonları götürülməlidir. Hər iki rayon coğrafi cəhətdən Ermənistana bitişikdir və bizdə olan məlumata görə, bu iki rayonda olan erməni hərbçilərinin ümumi sayı ən çoxu 700 nəfərdir, hərbi texnika da azdır\".

Mənzər Ərçəqızı

Bütün xəbərlər Facebook səhifəmizdə