Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Prezidentin qəbulunda
Azərbaycan Prezidenti İlham Əliyev bu gün bir sıra ölkələrin rəsmi nümayəndələri ilə görüşlər keçirib. Türkiyə Respublikasının nəqliyyat, dənizçilik və kommunikasiya naziri Bineli Yıldırımın başçılıq etdiyi nümayəndə heyətini dövlət başçısının qəbulunda olub.
Görüşdə Azərbaycanla Türkiyə arasında ikitərəfli əlaqələrin bütün istiqamətlərdə, o cümlədən nəqliyyat, dənizçilik və kommunikasiya sahələrində uğurlu inkişafından məmnunluq ifadə olunub, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icrasının gedişi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İtaliya Silahlı Qüvvələri Baş Qərargah rəisi ilə görüş
Prezident İlham Əliyev bu gün İtaliya Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Biacio Abrateninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə İtaliya arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. İkitərəfli münasibətlərimizin genişlənməsində qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev İtaliya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Azərbaycana ilk səfərinin bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirəsi baxımından önəmli olacağına ümidvar olduğunu bildirib.
İtaliya Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Biacio Abrateni Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. O, Əfqanıstandakı Beynəlxalq Sülhməramlı missiyanın tərkibində İtaliya hərbçilərinin Azərbaycanın sülhməramlıları ilə birlikdə uğurlu əməkdaşlığının əhəmiyyətini qeyd edib.
Görüşdə ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Böyük Britaniya Parlamenti İcmalar Palatasının üzvü, keçmiş müdafiə naziri ilə görüş
Bu gün İlham Əliyev Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, keçmiş müdafiə naziri Liam Foksu qəbul edib.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində daha da inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Amerika Yəhudi Komitəsi icraçı direktorunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş
Azərbaycan Prezidenti Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Amerika Yəhudi Komitəsi icraçı direktorunun Azərbaycana səfərinin səmərəli olacağına ümidvar olduğunu bildirib.
Cənab Devid Harris ölkəmizə ikinci dəfə səfər etməsindən məmnunluğunu ifadə edib. Ötən dövr ərzində paytaxtda çox böyük inkişafın şahidi olduğunu deyən qonaq müasir memarlıq üslubu ilə diqqəti cəlb edən Heydər Əliyev Mərkəzinin möhtəşəm binasının Bakıya xüsusi yaraşıq verdiyini vurğulayıb.
Görüşdə Azərbaycan ilə Amerika Yəhudi Komitəsi arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB