Media rəhbərləri mətbuat gününü Gəncədə qeyd ediblər

Media rəhbərləri mətbuat gününü Gəncədə qeyd ediblər

Bu gün Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərlərinin iştirakı ilə Zərdab rayonuna səfər reallaşdırılıb. SİA-nın məlumatına görə, dahi mütəfəkkir, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin 170 illik yubileyi və milli mətbuatımızın 137-ci ildönümü münasibətilə gerçəkləşdirilən səfər çərçivəsində media nümayəndələri ilk olaraq ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə əklil qoyublar və gül dəstələri düzüblər. Daha sonra Həsən bəy Zərdabinin abidəsi ziyarət edilib və önünə gül dəstələri qoyulub. Onlar həmçinin dahi mütəfəkkirin ev muzeyinə də baş çəkiblər.


Zərdabdan Gəncəyə yollanan tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin Gəncə şəhərində ucaldılmış abidəsini ziyarət ediblər. Ardınca media nümayəndələrinin iştirakı ilə Gəncə şəhərində tikiləcək Mətbuat Evinin təməlqoyma mərasimi baş tutub. Prezidenti Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov binanın təməl daşını atıb.

Daha sonra Gəncə Dövlət Aqrar Universitetində Milli Mətbuat Günü ilə bağlı "Azərbaycan milli mətbuatı: Zərdabidən günümüzə" mövzusunda konfrans başlayıb. Açılışını Mətbuat Şurasının sədri Əflatun Amaşovun etdiyi konfransda daha sonra söz Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə verilib. İlk olaraq son dövrlərdə Gəncə şəhərinin inkişafına toxunan icra başçısı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı barədə Sərəncamından irəli gələn məsələlərin həlli yolunda görülən işlərdən danışıb.

Daha sonra çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov tədbirin keçirilmə mahiyyətinə toxunaraq Milli Mətbuat Gününün yaranma tarixindən danışıb və Həsən bəy Zərdabinin milli mətbuatın yaranması yolunda gördüyü işlərə nəzər yetirib. O həmçinin dövlətin mətbuatın inkişafına göstərdiyi qayğını xüsusi vurğulayıb.

Ardınca \"Azərbaycan\" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, \"Yeni Azərbaycan\" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, \"Ayna\"-\"Zerkalo\" qəzetinin baş redaktoru Elçin Şıxlı, \"Kaspi\" qəzetinin baş redaktoru Natiq Məmmədli, \"Yeni Müsavat\" qəzetinin baş redaktoru Rauf Arifoğlu və millət vəkili Jalə Əliyeva çıxış edərək milli mətbuatımızın inkişafına, qarşıda duran məsələlərə nəzər salıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə