Bu gün Milli Məclisin iclası keçiriləcək

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçiriləcək. İclasda ilk növbədə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakiminin, Bakı, Gəncə, Sumqayıt, Şirvan, Şəki apelyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında məsələyə baxılacaq. Sonra "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Milli Məclisin Qərarına dəyişiklik və əlavə ediləcək, Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında qanuna baxılacaq.


Milli Məclis bir sıra beynəlxalq sənədlərə də münasibət bildirəcək. Bunların içərisində Azərbaycan prezidenti İlham Əliyevin və Qırğız prezidenti Almazbek Atambayevin Birgə Bəyanatının təsdiq edilməsi barədə, eləcə də Azərbaycan və Qırğız Respublikası hökumətləri arasında vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında, mülki müdafiə (mühafizə), fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında, Azərbaycan və Bolqarıstan hökumətləri arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında, fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında Saziş layihələri, "Ozon qatını dağıdan maddələr haqqında Monreal Protokolu"na 1999-cu il 3 dekabr tarixli Pekin Düzəlişi"nin təsdiq edilməsi haqqında", "Beynəlxalq Antikorrupsiya Akademiyasının beynəlxalq təşkilat qismində təsis edilməsi haqqında", "Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında", "Azərbaycan Respublikası Hökuməti və Makedoniya Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında", "Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında" Sazişdə dəyişiklik edilməsi barədə, "Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında Protokolun təsdiq edilməsi haqqında" beynəlxalq sənədlər var.


Bununla yanaşı, iclasda "Ədliyyə sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə", İnzibati Xətalar, Vergi, Cinayət və Cinayət-Prosessual məcəllələrində, "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında", "Yol hərəkəti haqqında", "İctimai Televiziya və Radio yayımı haqqında", "Həmkarlar İttifaqları haqqında", "Bələdiyyələrin əraziləri və torpaqları haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunlara dəyişikliklər olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə