Deputatlar işğal altındakı ərazilərimizi və düşmən mövqelərini də müşahidə ediblər
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 94-cü ildönümü ərəfəsində Milli Məclisin bir qrup deputatı və ictimaiyyətin nümayəndələri Beyləqan və Xocavənd rayonları ərazisində xidmət edən əsgərlərlə görüşüblər. AzərTAc xəbər verir ki, Milli Məclisin sədr müavini Bahar Muradova, deputatlar Flora Qasımova, Gülçöhrə Məmmədova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova və başqaları əvvəlcə Xocavənd rayonunun ərazisində ön xəttə xidmət edən əsgər və zabitlərimizin vəziyyəti, yataq, yemək, döyüş şəraitləri, ordunun texnika və avadanlıqları ilə, o cümlədən Azərbaycan istehsalı olan silahlarla tanış olub, işğal altındakı ərazilərimizi və düşmən mövqelərini müşahidə ediblər.
Qonaqlar əsgərləri bayram münasibətilə təbrik etdib, onlarla birgə çay içərək, səmimi söhbət ediblər. Əsgərlər onlarla görüşə gəlmiş Milli Məclisin deputatlarına və ictimaiyyət nümayəndələrinə qızıl gül dəstələri təqdim edib, minnətdarlıqlarını bildiriblər. Qeyd edilib ki, hərbi hissədə keçirilən bu cür görüşlər düşmənlə üz-üzə xidmət edən hərbçilərin ruh yüksəkliyinin artmasında böyük rol oynayır.
Ön xətdə xidmət edən iki əsgərin valideynin də hərbi hissəyə gəlişi əsgərlər üçün ən böyük bayram hədiyyəsi olub. Valideynlər Şəlalə Əhmədova və Sahibə Eminova əsgərlərin xidmət və məişət şəraitindən razı qaldıqlarını və övladlarının ön xətdə xidmət etməsindən qürur duyduqlarını bildiriblər.
Qonaqlar daha sonra Beyləqan rayonu ərazisindəki "N" saylı hərbi hissəyə gəliblər. Əsgərlər qarşısında çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova, deputatlar Flora Qasımova, Gülçöhrə Məmmədova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova onları Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayıblar. Onlar bildiriblər ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordu quruculuğunda böyük irəliləyiş, inkişaf baş verib. Hazırda dövlətimizin başçısı tərəfindən ordumuzun güclənməsi istiqamətində uğurlu siyasət həyata keçirilir. Azərbaycan ordusunun bugünkü durumu, maddi-texniki bazası, müasir silahlarla təminatı, ən əsası şəxsi heyətin döyüş ruhu, mənəvi əhval- ruhiyyəsi onu deməyə imkan verir ki, ordumuz düşmənin bütün təxribatlarının qarşısını almağa, istənilən ekstremal vəziyyətdə qarşıya qoyulan vəzifəni yerinə yetirməyə, işğal altında olan torpaqlarımızı azad etməyə hazırdır.
Qonaqlar əsgərlərlə birgə nahar ediblər. Hərbi hissəyə bayram sovqatı təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB