MDB dövlətlərinin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 36-cı iclası başladı

Bakıda MDB dövlətlərinin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 36-cı iclası öz işinə başlayıb. SİA-nın xəbərinə görə, iki gün davam edəcək iclasda MDB-yə üzv ölkələr, habelə beynəlxalq təşkilatlardan 50-yə yaxın nümayəndə heyəti iştirak edir. İclasın ilk günü şuranın ötən iclasında qəbul edilən qərarların icra vəziyyəti və bu sahədə görülən işlər müzakirə edilib. Şuranın Azərbaycan tərəfindən nümayəndəsi Zahid İsayev "Müasir mərhələdə Azərbaycan Respublikasında rəqabət siyasətinin inkişafı" mövzusunda çıxış edərək Azərbaycanda antiinhisar orqanının fəaliyyəti, onun səmərəli işinin təşkili istiqamətində həyata keçirilən tədbirlər və əldə olunan nailiyyətlər barədə geniş məlumat verib. Daha sonra çıxış edən Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şuranın Katibliyinin rəhbəri Azam Usmanov şuranın ötən 35-ci iclasında qəbul edilən qərarların icrasına dair hesabatı tədbir iştirakçılarının diqqətinə çatdırıb. O MDB ölkələrinin antiinhisar orqanlarının birgə əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Daha sonra iclasın davamında üzv ölkələrin antiinhisar orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində görülən işlər, qanunvericiliyin tələblərinin pozulması hallarına qarşı qabaqlayıcı mexanizmlərin tətbiqi və s. kimi məsələlər barədə geniş müzakirələr aparılıb və təşkilati məsələlərə baxılıb.

Qeyd edək ki, Bakıda MDB dövlətlərinin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurası MDB dövlətlərinin hökumət başçıları tərəfindən imzalanmış "Razılaşdırılmış antiinhisar siyasətinin həyata keçirilməsi haqqında müqavilə" yə əsasən yaradılıb. Şuranın ilk iclası 1994-cü ildə Minsk şəhərində keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...