Qaradağ rayonunda 15 İyun - Milli Qurtuluş Günü qeyd edilib

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı Gənclər Birliyi 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirib. SİA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov Milli Qurtuluş Gününün Azərbaycan xalqının və dövlətçiliyimizin tarixindəki rolundan danışıb.


Rayon təşkilatının sədri qeyd edib ki, həmin gün Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı bugünkü güclü, müstəqil Azərbaycan dövlətçiliyinin əsasını qoyub, ölkəmiz vətəndaş müharibəsindən, xaosdan, anarxiyadan xilas olub: "Hər bir ölkənin tarixində onun gələcək taleyinə bilavasitə təsir göstərən əhəmiyyətli dönüş nöqtələri olur. Azərbaycan xalqının müasir tarixinin çox əhəmiyyətli dönüş nöqtəsi 1993-cü ildə Ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışıdır. 1993-cü il iyunun 15-də müstəqil Azərbaycanın memarı və qurucusu, fenomenal şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı tarixə Milli Qurtuluş Günü kimi daxil olmuşdur".


YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin fəallarından Türzalə Muradova, Tural Şəfizadə və Əsmər Əmirquliyeva çıxış edərək bildiriblər ki, Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdışı ilə ölkənin inkişaf strategiyasını müəyyənləşdirib, Azərbaycanı bütün dünyaya tanıdıb. Ulu öndərin siyasi kursu bu gün Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Bu gün Azərbaycan dünyada söz sahibidir, ölkəmiz tərəqqi və sürətli inkişaf yolundadır. Sonda partiyaya yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri paylanıb.


Bütün xəbərlər Facebook səhifəmizdə

loading...