Rasim Nəbiyev: \"Ulu öndərimiz gördüyü işlər xalqımızın qəlbində möhtəşəm məhəbbət abidəsi ucaldıb\" - MÜSAHİBƏ

Azərbaycan İctimai-Siyasi Universitetinin rektoru Rasim Nəbiyevin SİA-ya müsahibəsi


- 1993-cü ilin 15 iyun tarixində ulu öndər Heydər Əliyev hakimiyyətə gəlişi Azərbyacan xalqının ictimai-siyasi tarixində hansı dəyişikliklərə səbəb oldu?


- 15 iyun 1993-ci il Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış bir gündür. Həmin gündə ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi Azərbaycan xalqının tarixində analoqu olmayan bir səhifədir. Müstəqilliyini əldə etdikdən sonra özünün siyasi və iqtisadi quruluşunu dəyişən Azərbaycan ictimai həyatın bütün sahələrində islahatlar apardı. Müstəqilliyimizin ilk illərində naşı rəhbərlərin, bacarıqsız, şəxsi mənafeyini milli mənafelərdən yüksək tutan insanların hakimiyyətə gəlməsi elə bir vəziyyət yaratmışdı ki, iqtisadi cəhətdən zəif olan respublika daha da böhran vəziyyətinə düşmüşdü. Həmin dövrdə ölkə iqtisadiyyatı dağıdılmışdı, onun sahə və sferaları arasında inteqrativ və funksional əlaqələr təmamilə kəsilmişdi. Bir sözlə, Azərbaycan sistemsizlik böhranının xüsusiyyətlərilə birlikdə təzahürünü özündə ehtiva edən bir dövrünü yaşayırdı. Belə bir dövrdə Azərbaycanda iqtisadi böhranla yanaşı, siyasi böhran da gedirdi. Məhz bu dövrdə hakimiyyətə gələn ümummilli liderin özünün sarsılmaz qətiyyəti və cəsarəti, atdığı mühüm siyasi diplomatik addımları, yerinə yetirdiyi böyük siyasət Azərbaycanı bu vəziyyətdən çıxardı. Əlbəttə, bir iqtisadi sistemdən digər iqtisadi sistemə keçid ilk növbədə iqtisadi inkişaf modelinin olmasını, digər tərəfdən iqtisadi konsepsiyanın olmasını tələb edir. O dövrdə məlum olan nə miqrant bazar iqtisadiyyatı, nə sosial-demokratik model, nə də ki sosial-iqtisadi yönümlü modellər Azərbaycanın iqtisadi inkişaf modelinə uyğun gəlmirdi. Belə bir şəraitdə təcrübənin olmaması Azərbaycana zəngin dövlətçilik təcrübəsinə dərin biliyə malik olan böyük bir siyasətcinin rəhbərliyə gəlməsi böyük zərurət idi. Ulu öndərimizin o dövrdə hakimiyyətə gəlməsi Azərbaycanda vətəndaş müharibəsinə son qoydu, 1994-cü ilin oktyabrında, 1995-ci ilin mart ayında dövlət çevrilişinə qarşı cəhdlərin qarşısını aldı. Analoqu olmayan bir dövrdə hakimiyyətə gələn ulu öndərimizin yeritdiyi siyasətin nəticəsində biz həm iqtisadi, həm də siyasi böhrandan çıxa bildik.


- Həmin dövrlərdə ölkənin iqtisadiyyatında nə kimi hallar yaşanırdı?


- O dövrlərdə iqtisadi böhran kifayət qədər dərinləşmişdi. 1994-cü ilin sentyabrın 20-də Əsrin müqaviləsinin bağlanmasının böhrandan çıxmağımızda böyük önəmi olub. Xəzər dənizinin dərin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasında atdığı siyasi addımlar Azərbaycanın iqtisadi böhrandan çıxmasında rol oynayıb. 2001-ci ildə ulu öndərin qətiyyəti və mübarizliyi, atdığı siyasi addımlar nəticəsində Avropa Şurasına daxil olduq. Avropa Şurasına daxil olana qədər dünyanın 15 ölkəsinin 33 şirkətilə 22 beynəlxalq müqavilə imzalanmışdı. Bu imkan verirdi ki, xaricdən investisiya axınını gücləndirək. 2001-ci ilə qədər Azərbaycana 11,4 milyard dollar investisiya qoyulub. Bu investisiyaların 8,3 milyard dollar xarici, 3,1 milyard dollar isə daxili investisiyalar idi. O zaman investisiya nisbətinin belə olması yaxşı hal idi. Xaricdən Azərbaycana investisiya qoyan hər hansı bir şəxs sığortalanmalı və o bilməlidir ki, onun qoyduğu kapital məhv olmayacaq. Ulu öndər o zaman Amerika jurnalistlərindən birinə verdiyi müsahibədə bildirmişdi ki, "Azərbaycana investisiya qoyan hər hansı bir şəxs şəxsi maraqları naminıə çalışacaq ki, daha çox qazanc əldə etsin. Lakin biz çalışmalıyıq ki, milli mənafelərimiz şəxsi mənafelərindən üstün tutaq". Belə bir zamanda isə Azərbaycana sadiq, vətənə bütün varlığı ilə bağlı insanlar lazım idi. Həmin dövrdə Azərbaycan Respublikası Dövlət Neft Şşirkətinə indiki prezident İlham Əliyevin vitse-prezident seçilməsi böyük hadisə idi. Onun dövründə Azərbaycan bir çox uğurlar əldə etdi və dövlətin iqtisadi böhrandan çıxmasında çox böyük rol oynadı.


- 2009-cu ildə Azərbaycan keçid dövrünü başa vurdu. Ulu öndərin hakimiyyətə gəlisindən sonra bu sahədə hansı müsbət irəliləyişlərə imza atıldı?


- Bəli, Azərbaycan 2009-cu ildə keçid dövrünü başa vurdu ki, bu da inzibati-amirlik sistemindən bazar iqtisadiyyatına keçid dövrü idi. Bu dövrün sonuncu ilində olan rəqəmlərə nəzər saldıqda görərik ki, bir ildə Azərbaycana 9,2 milyard dollar investisiya qoyulub. Bu məbləğin 7,3 milyad dolları daxili, 1,9 milyard dolları isə xarici investisiyalardır. Müstəqilliyin ilk illərində daxili investisiyaların xarici investisiyalara nisbəti 8,3:1,8-ə, 2009-cu ildə isə 7,3:1,9 bərabər idi. Azərbaycan iqtisadi cəhətdən elə bir qüdrətli dövlətə çevrilmişdi ki, onların qoyduğu investisiyalar xarici investisiyaları ötürdü. Biz o dövrki inkişafımıza nəzər yetirsək görərik ki, Heydər Əliyevin dövründə ulu öndərin sarsılmaz qətiyyəti, cəsarəti nəticəsində biz həm iqtisadi, həm də siyasi böhrandan çıxdıq. İlk dəfə olaraq, 1996- cı ildə daxili məhsulun artımında artım gördük. 1994-cü ildə dövlət büdcəsi 300 milyon dollar idisə, 2003-cü ildə 1,2 milyard dollar olub. Hazırda Azərbaycanın büdcəsi 20 milyard dolları keçib. Büdcənin artması iqtisadi qüdrətin artmasını göstərir. Azərbaycan bu gün dünyanın dinamik inkişaf edən ölkələrindən biridir. 1995-ci ildə ümumdaxili məhsulumuzun artımı 1994-ə nisbətən 26 %, 1996-cı ildə ümumdaxili məhsulumuzun artımı 35 %, 1997-ci ildə 26%, 1998-ci ildə 11,2 % olub. 2009-cu ildə 9,3%, daha sonra 5 %, indi isə dünyanı iqtisadi böhranın bürüdüyü zamanda Azərbaycanın ümumdaxili məhsulu yenə də yüksələn xətt üzrə artır. Bu isə onu göstərir ki, iqtisadiyyatımız güclü təməl özərində qurulub. Biz bu gündə Heydər Əliyev ideyalarına sadiqik və ölkənin iqdisadi qüdrətinin artırılmasında mühüm addımlar atırıq. Heydər Əliyev ideyalarına sadiq olan və bu ideaları ləyaqətlə həyata keçirən prezidentimiz İlham Əliyev bu gün də iqtisadiyyatın qüvvətlənməsinə əvəzsiz xidmətlər göstərir.


- Ökəmizin bugünki iqtisadi inkişafını necə qiymətləndirərdiniz?


- Bu gün Azərbaycan çox şeyə nail olub. Təkcə iqtisadi və siyasi sahədə yox, həmçinin, sosial sahədə də böyük nəaliyyətlərimiz olub. Bu gün Azərbaycanda əldə olunan uğurlar, təbii sərvətlərindən istifadə olunması sosial şəraitin yüksəlməsinə şərait yaradır. Biz sosial yönümlü bazar iqtisadiyyatı yolunu seçmişik. İnanırıq ki, Azərbaycanın iqtisadi qüdrətinin artması əhalinin sosial şəraitinin daha da yaxşılaşmasına səbəb olacaq. Bunun nəticəsidir ki, orta aylıq əmək haqqı 470 dollardır. Orta aylıq pensiyaların 190 dollara çatması Azərbaycanda baş vermiş çox böyük dəyişikliklərdir. Bir sözlə fikirlərimi belə bir sözlərlə bitirmək istərdim. Ulu öndərimiz gördüyü işlər və etdiyi əməlləri ilə Azərbaycan xalqının qəlbində böyük bir məhəbbət abidəsi ucaldıb. İllər keçdikcə bu abidə daha qüdrətli, uca və daha əzəmətli görsənir. Ruhu qarşısında baş əyib bildiririk ki, bu ideyalara sadiq qalacağıq və bu ideyaları həyata keçirməklə xalqımızın xoşbəxt gələcəyini təmin edəcəyik.


Bütün xəbərlər Facebook səhifəmizdə

loading...