Lerik rayon gəncləri Milli Qurtuluş gününü qeyd ediblər - FOTO

Bu gün YAP Lerik rayon təşkilatı gənclər birliyi 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar "15 İyun – dövlətçiliyimizin xilası, qurtuluşu günüdür" mövzusunda tədbir keçirilib.

SİA-nın verdiyi məlumata görə, tədbirdə partiyanın rayon təşkilatının şura və idarə heyəti üzvləri, idarə və müəssisələrdə çalışan gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk öncə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Tədbiri giriş sözü ilə partiyanın rayon təşkilatının sədri Elxan Qənbərov açaraq tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edib. Onlara Müstəqil Azərbaycan dövlətçiliyinin işıqlı sabahları uğrunda mübarizədə uğurlar arzulayıb. Qeyd olunub ki, hər birimiz üçün əziz olan bu gün Azərbaycanın tarixinə milli mentalitetimizin, özünüdərketmənin qayıdışı günü kimi daxil olub. Milli Qurtuluş Günü vətəndaş müharibəsinin, küçə və meydan mitinqlərinin, dövlət çevrilişlərinə cəhdlərin, siyasi hakimiyyətdəki özbaşınalığın birdəfəlik qarşısının alınmasının məntiqi nəticəsi, müstəqil Azərbaycan dövlətinin təməlinin qoyulması günü idi. Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı Azərbaycan dövlətinin müstəqilliyinin bərqərar olması, dövlət quruculuğu sahəsindəki islahatlar, cəmiyyətin bütün sahələrinin reformasiyası, ölkəmizin sosial-iqtisadi potensialının daha da güclənməsi, beynəlxalq aləmdəki nüfuzunun artması, ən əsası isə atəşkəsə nail olunması idi.


Bizim hər birimiz o ağır günlərin canlı şahidləriyik. Keçən günləri xatırladıqca, vətəninə daş olmağı bacaran hər bir Azərbaycan vətəndaşı özündən asılı olmadan kövrəlir. Taxıl qıtlığı, çörək çatışmamazlığı, "başıpozuq" siyasi rəhbərlərin özbaşınalığı əhali arasında vahimə yaradır, elan edilməmiş müharibədə səriştəsiz ordu dəstələri Azərbaycanın rayonlarını bir-bir düşmən tapdağına təslim etdirdilər. Ölkənin həyatı olmazın dərəcədə acınacaqlı idi. Demək olar ki, ölkə səhiyyəsi, təhsili, mədəniyyəti tam iflic vəziyyətə düşmüşdü. Regionlarda parçalanma təhlükəsi, komendant özbaşınalıqları xalqı tam çaşqın vəziyyətə salmışdı.


Xalqımızın xoşbəxtliyi onda idi ki, həmin vaxtlar xalqına və millətinə həmişə sadiq olan böyük tarixi şəxsiyyət Heydər Əliyev var idi. Xalqın təkidi və istəyi ilə Heydər Əliyevin hakimiyyətə gəlməsi xalqımızın düçar olduğu bu bəladan əbədi xilas etdi.


Sonra məruzə ilə çıxış edən partiyanın rayon təşkilatının Gənclər Birliyinin sədri Zamiq Əhədov məruzəsində bildirib ki, Azərbaycan dövləti siyasi tariximizin müxtəlif dövrlərində nəyi itirmişdisə də, milli-mənəvi dəyərlərimizi, azadlıq uğrunda mübarizə əzmini, dövlətçilik ənənələrini əsrlərlə qoruyub saxlaya bilmişdi. Xalqımız üçün ən dəyərli varlıq olan azadlıq arzusu keçən əsrin əvvəllərində gerçəkləşməsə də, əsrin sonlarına yaxın ulu öndər, böyük tarixi şəxsiyyət, xalqına, vətəninə həmişə sadiq olan ümummilli Lider Heydər Əliyevin sayəsində əbədiləşdi, sarsılmaz, dönməz oldu. Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyununda xilaskar missiyası ilə yenidən Azərbaycana ikinci dəfə ali hakimiyyətə tarixi qayıdışı oldu və onun gəlişi ilə Azərbaycanın xilasının və əsil müstəqilliyinin təməli qoyuldu.


Bu gün ziyasına toplaşdığımız Milli Qurtuluş Günü məhz Azərbaycanın tarixinə Heydər Əliyevin siyasi hakimiyyətə, müstəqillik uğrunda mübarizəyə qatıldığı gün kimi daxil oldu. Tarix təkrarlandı, ancaq bu dəfə yeni düşüncə tərzi, yeni siyasi mübarizə formasında 1993-cü ilin 15 iyun tarixi Azərbaycan siyasi tarixinə dövlətçiliyimizin, milli-mənəvi dəyərlərimizin, soykökümüzün dövlətçilik ənənələrimizin qayıdışı günüdür. Bu tarix həm də, qanı ilə Vətən torpaqlarına qırmızı don geyindirən, dünyanın ən böyük siyasi arenalarından səsi gələn Azərbaycan gəncliyinin özünə qayıdış tarixidir.


Məruzə ətrafında çıxış edən istefada olan polis zabiti Daşdəmir Paşayev və Özübəy Quliyev, Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri ictimai birliyinin sədri Veysəl Məlikov, Lerik rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev 1993-cü il 15 iyununa qədər və ondan sonra dövr ərzində ölkədə baş verən proseslər, tarixi faktlar və bugünkü Azərbaycan reallıqlarından ətraflı danışdılar. Qeyd olundu ki, ölkəmizin dinamik inkişafının təməli məhz Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu gün bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının yorulmaz fəaliyyəti ilə daha da güclənir və Azərbaycanımızın gələcəyinin daha nurlu və parlaq olacağına zəmin yaradır.


Tədbirin sonunda "Qayıdış" filmi nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...