Elnur Aslanov: \"Cəbhədə baş verən hadisələrə görə məsuliyyəti bilavasitə Ermənistan daşıyır\"

"Son vaxtlar cəbhədə baş verən bütün hadisələrə görə məsuliyyəti bilavasitə Ermənistan daşıyır. Çünki bölgədə sülhün, əmin-amanlığın yaranmamasında, danışıqlar prosesinin uzanmasında, danışıqlar masasından kənarlaşmada Ermənistanın qeyri-konstruktiv mövqeyi başlıca amil kimi özünü göstərib". SİA-nın məlumatına görə, bunu Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.


E. Aslanovun sözlərinə görə, baş verənlər bir daha göstərir ki, Ermənistan Azərbaycandan fərqli olaraq "status-kvo"nun saxlanmasında maraqlıdır: "Azərbaycan dəfələrlə bəyan edib ki, "status-kvo" bölgə üçün keçərli formul deyil. Çünki "status-kvo" vasitəsilə bölgədə nə sülh, nə əmin-amanlıq, nə də sabitliyi bərqərar etmək mümkündür. Eyni zamanda "status-kvo" bölgənin inkişafına da heç bir halda təkan vermir. Bu baxımdan Azərbaycan dəfələrlə bəyan edib ki, "status-kvo"nun danışıqlar prosesində başlıca məsələ kimi saxlanması qeyri-mümkündür. Ermənistan rəhbərliyi isə yenə də öz qeyri-konstruktiv mövqeyini göstərir. Ermənistan müxtəlif bəhanələrlə danışıqlar masasından qaçır, bölgədə sülhün, əmin-amanlığın, sabitliyin bərqərar olmasında maraqlı olmadığını daha çox ortaya qoyur".


"Son zamanlar cəbhə xəttində yaranan gərginliklə əlaqədar Azərbaycanda səfərbərlik elan oluna bilərmi?" sualına E. Aslanov "Azərbaycanın mövqeyi açıq və aydındır. Səfərbərliyə gəlincə, Azərbaycanın güclü ordusu var. Azərbaycan ordusu bölgədə ən böyük ordudur. Ona görə də buna hələlik ehtiyac yoxdur",- deyə cavabını verib.


Şöbə müdiri ABŞ dövlət katibi Hillari Klintonun bölgəyə səfərindən sonra Rusiyanın ballistik raket sınaqları həyata keçirməsinin "soyuq müharibə" kimi xarakterizə olunması barədə səslənən fikirlərə də münasibət bildirib: "Düşünmürəm ki, belədir. Bunu, sadəcə, bu ölkələrin hərbi-texniki potensialını təkmilləşdirməsi istiqamətində həyata keçirdiyi addımlar kimi qiymətləndirmək lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə