“Son zəng” tədbirləri Səbail rayon məktəblərində xüsusi təntənə ilə keçirilib - FOTO
"Son zəng" tədbirləri ənənəvi olaraq Səbail rayonunun bütün 17 orta məktəbində təntənəli şəkildə qeyd olunub. SİA-nın məlumatına görə, tədbirlərin keçirilməsi üçün məktəblərin rəhbərləri, valideynlər və şagirdlərin özləri tərəfindən böyük hazırlıq işləri aparılıb, bilik bayramının yüksək səviyyədə, bütün məzunların və iştirakçıların uzun illər ərzində yadında qalan bir əlamətdar hadisəyə çevrilməsi üçün əllərindən gələni ediblər.
Səbail rayonunda 17 orta, 1 orta-ixtisas, 1 peşə məktəbi, 3 uşaq musiqi məktəbi, 17 məktəbəqədər təhsil müəssisəsi, 2 uşaq yaradıcılıq mərkəzi, 3 idman məktəbi fəaliyyət göstərir. Rayonun orta məktəblərində 2268 nəfər pedaqoji işçi çalışır. Orta məktəblərdə 20862 şagird təhsil alır ki, bu il onların 1506 nəfəri məzundur.
Şəhərin mərkəzindəki 6 saylı tam orta məktəbdə keçirilən son zəng tədbirləri maraqlı və yaddaqalan olub. Tədris ilinin əvvəlində yenidən tikilib istifadəyə verilib, Azərbaycanda təkrarı olmayan, bütün beynəlxalq standartlara uyğun bu təhsil müəssisəsinin açılışı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilib. Yeni binada keçirilən ilk "Son zəng" mərasimində çıxış edən 6 saylı tam orta məktəbin direktoru, əməkdar müəllim Gülşən Orucova məktəb kollektivinin təhsildə qazandığı uğurlardan söz açaraq qeyd edib ki, bu il bu məktəbi 66 məzun bitirir. Keçən il məktəbin yenidən tikilərək istifadəyə verilməsini və onun təntənəli açılışı zamanı Ölkə başçısının məktəblilər qarşısındakı çıxışı zamanı şagirdlərə və pedaqoji kollektivə verdiyi tövsiyyələrdən danışan G.Orucova məktəbdə şagirdlərin təhsili üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə öz minnətdarlığını bildirib.
Məktəbdə keçirilən tədbirdə iştirak edən Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov müstəqil həyatın astanasında duran məzunlara uğurlar, olkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulayıb, ölkə rəhbərliyi tərəfindən respublikamızda təhsil sahəsində aparılan işlər və bu qəbildən Səbail rayonunda həyata keçirilən layihələr barədə ətraflı məlumat verib, məktəbin pedaqoji kollektivinə gələcək işlərində uğurlar arzulayıb. A.Əsgərov xüsusi vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məhz bu məktəbin məzunu olub və burada oxuyan hər bir şagird bununla fəxr etməlidir.
İcra başçısı həmçinin qeyd edib ki, dövlət başçısı tərəfindən xalqımızın gələcəyi olan uşaqlara göstərilən diqqət və qayğı, onların sağlam və bilikli böyüməsi istiqamətində həyata keçirilən işlər Səbail rayonunda da öz əksini tapıb. Son iki il ərzində rayonda aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri çərçivəsində 1 məktəb sökülərək yenidən tikilib, 10 orta təhsil müəssisəsi,10 uşaq bağçası, 2 uşaq musiqi məktəbi, 2 uşaq texniki yaradıcılıq mərkəzi, 2 idman məktəbi, 1 uşaq poliklinikası əsaslı təmir olunub, 2 orta məktəb üçün əlavə tədris korpusu tikiliş, bu müəssisələr bütün lazımi avadanlıqlarla təchiz olunub. Hazırda Badamdar qəsəbəsində 880 şagird yerlik yeni məktəb və 120 yerlik uşaq bağçası inşa olunur. Rayonda daha 3 məktəbin əsaslı təmiri, 1 uşaq musiqi məktəbinin sökülərək yenidən tikintisi aparılır ki, bu da Səbail rayonu üçün çox əlamətdar bir hadisədir.
Tədbirdə iştirak edən digər qonaqlar müstəqil həyatın astanasında duran məzunlara uğurlar, ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzuladılar.
Səbail rayonunun qocaman və tanınmış məktəblərindən olan, "İlin ən yaxşı ümumtəhsil məktəbi" adını qazanıb 190 saylı məktəb bu il özünün 65-ci buraxılışını keçirir və 5 sinifdə 102 şagird təhsili başa vurur. Onların 2-si əla, 22-si isə məktəbi əla və yaxşı qiymətlərlə bitirirlər.
Şagirdlərdən 1 nəfər Respublika miqyaslı bilik olimpiadasının qalibi olmuş, məktəbin 2 müəlliməsi "Ən yaxşı müəllim" müsabiqəsində iştirak edir. Hazırda 1212 şagirdin təhsil aldığı məktəbdə "Ən yaxşı müəllim" müsabiqəsinin 5 qalibi, 3 elmlər namizədi, 1 əməkdar müəllim çalışır. Məktəbin 11-cilərdən ibarət komandası Heydər Əliyev adına Təhsil Kompleksində keçirilən "İntellekt" yarışmasında Bakı şəhər üzrə 3-cü yerə, Yanğınsöndürmə Komandası isə Fövqəladə Hallar Nazirliyinin keçirdiyi yarışda Bakı şəhəri üzrə 1-ci yerə çıxıb.
Buraxılış tədbirinə toplaşan çoxsaylı şagird və qonaqların qarşısında çıxış edən 190 saylı orta məktəbin direktoru, əməkdar müəllim Afət Bakıxanova bu il 11-ci sinfi bitirən məzunlara uğurlar arzuladı, məktəbi əla qiymətlərlə bitirmiş, həmçinin müxtəlif miqyaslı fənn olimpiadalarının qalibi olmuş bir qrup məzuna Fəxri Fərmanlar və hədiyyələr təqdim etdi, məzunların böyük əksəriyyətinin məktəbi əla və yaxşı qiymətlərlə bitirdiklərini xüsusi vurğulayıb.
Milli Məclisin İqtisadiyyat Komitəsinin sədri, akademik Ziyad Səmədzadə və Səbail rayon İсra Hakimiyyəti başçısının müavini Eldar Ağayev 11-ciləri təbrik edib, onlara müstəqil həyatda uğurlar arzulayıb.
Tədbirdə məktəbin 1-ci və 11-ci sinif şagirdlərinin hazırladıqları şer, mahnı və rəqslərdən ibarət çıxışları iştirakçıların çox xoşuna gəlib. Məktəb həyatına əlvida deyən məzunlar bu ilki birincilərə hədiyyələr təqdim etdilər və tədbir böyük bədii proqramla başa çatdırılıb.
Səbail rayonunun Bayıl yaşayış sahəsindəki 91 saylı orta məktəbinin 3 buraxılış sinfini bu il 70 şagird bitirir. Rəngarəng tərtib olunmuş idman meydançasında toplaşan məzunları və birinciləri, onların valideynlərini və çoxsaylı qonaqları salamlayan 91 saylı orta məktəbin direktoru Svetlana Zülfuqarova məktəb kollektivinin qazandığı uğurlardan danışdı, məzunlara müstəqil həyatda atacaqları addımlarda uğurlar arzuladı. O, qeyd edib ki, keçən tədris ili məktəb üçün xüsusi ilə əlamətdar olmuş, məktəb "İlin ən yaxşı məktəbi" müsabiqəsinin qalibi adını qazanmışdır. Məktəbin 4 nəfər şagirdi respublika, 4-ü isə Bakı şəhəri üzrə Olimpiadalarının mükafatçılarından olmuşlar. Məktəbin komandası "Şahinlər" hərbi vətənpərvərlik yarışının rayon birinciliyinin qalibi olub, Bakı şəhər birinciliyində isə IV yerə çıxmışdır. Ən əsası isə Dövlət Proqramına uyğun olaraq 91 saylı orta məktəb tam əsaslı təmiri olunaraq gözəl tədris müəssisəsinə çevrilib.
Məktəbin şagirdlərinin hazırladığı bədii kompozisiya, müasir bal və milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayət olunub. Son zəngin çalınması səmaya yüzlərlə rəngbərəng şarların və göyərçinlərin buraxılması ilə müşayət olunub.
Səbail rayonunun 2, 7, 49, 50, 51, 132-134, 160, 162, 163, 189, 236, 239 saylı məktəblərində də son zəng tədbirləri yüksək təşkilatçılıqla keçmiş və məzunların həyatında yaddaqalan bir günə çevrilib.
Ənənəvi olaraq orta məktəblərdə keçirilən son zəng tədbirlərində Səbail rayon İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri, ağsaqqallar, mədəniyyət xadimləri iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB