YAP Qadınlar Şurasının üzvləri AKP Qadın Qolunun Qurultayında iştirak ediblər

YAP Qadınlar Şurasının üzvləri AKP Qadın Qolunun Qurultayında iştirak ediblər

Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasının sədri Nurlana Əliyeva, YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı və YAP Nizami rayon təşkilatının sədri, MM-in deputatı Sədaqət Vəliyeva may ayının 25-28-də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) Qadın Qolunun Qurultayında iştirak ediblər.

Qurultayda Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının sədri Nurlana Əliyeva cıxış edərək təmsil etdiyi partiyanın qadınlarının təbriklərini çatdırıb və hər iki partiya arasında genişlənən əməkdaşlıqdan ətraflı bəhs edib. Qeyd edək ki, YAP Qadınlar Şurasının nümayəndələri qurultayla bərabər bir sıra görüşlərdə də iştirak ediblər. Belə ki, YAP-çı xanımlar Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Əhməd Davudoğlu, ailə və sosial siyasət nazırı Fatma Şahinlə görüşüblər. Onlar həmçinin, R.T.Ərdoğanın, Fatma Şahinin verdiyi ziyafətdə də iştirak ediblər. YAP Qadınlar Şurasının təmsilçiləri görüşlər zamanı gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparıblar.

Səfər çərçivəsində YAP Qadınlar Şurasının nümayəndə heyətinin üzvləri Ankara Böyük Şəhər Bələdiyyə başkanı Məlik Gökceyin təşkil etdiyi AKP-nin Ankara şöbəsinin qadınları ilə sosial proqramda da iştirak ediblər. Qonaqlara Bələdiyyədə qadınların təmsilçiliyi və iştirakı haqqında məlumatlar verilib. Qeyd edək ki, AKP-nin Qadın Qolunun Qurultayında 40-a yaxın ölkədən 70-dən çox əcnəbi qadın siyasətçi iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə