Fazil Mustafa: “Şairlərin İranda oğurlanması yolverilməz hadisədir” - MÜNASİBƏT

Hesab edirəm ki, İran-Azərbaycan münasibətləri öz həllini danışıqlar yolu ilə tapmalıdır. İranın atdığı son addımlar həqiqətən də Azərbaycan tərəfindən haqlı narazılıqla qarşılanır. SİA-nın xəbərinə görə, bunu Səs tv-yə açıqlamasında Millət vəkili Fazil Mustafa bildirib.


Onun sözlərinə görə, İranın Azərbaycana münasibətində kobudluq əsas yer tutur: "İran tərəfi bütün hallarda Ermənistana yardım edən, ideoloji baxışları fərqli olan bir dövlət olsa belə Azərbaycana qarşı münasibətlərində qonşu ölkə standartlarını tətbiq etməyə borcludur. Eləcə də Azərbaycan tərəfi. Xüsusilə də azərbaycanlı şairlərin İranda oğurlanması yolverilməz bir hadisədir. Hesab edirəm ki, İran dövlətinin üzərinə təzyiqlər olduğu bir vaxtda adam oğurluğu məsələsinə görə, adının hallanmasına razılıq verməsi yanlış bir addımdır. Düşünürəm ki, bu kimi məsələlər danışıqlar yolu ilə öz həllini tapmalıdır. Ona görə də bu məsələdə münasibətlərin bir qədər yumşadılmasına hər iki tərəf böyük səy göstərməlidir".


F.Mustafanın fikrincə, İran öz üslubunu dəyişməlidir: "İran sonda başa düşməlidir ki, Azərbaycan bütün hallarda İranla qonşuluq prinsiplərinə əməl etməkdə maraqlıdır və İrana qarşı hər hansı bir şəkildə öz ərazisindən istifadə etməyə yol vermək fikrində deyil. Hesab edirəm ki, bu kimi məsələlərdə İran dövləti çox diqqətli olmalıdır. Eyni zamanda Azərbaycan tərəfindən də İrana yönəlik müəyyən addımlarda üslubu, çərçivəni gözləmək lazımdır. Çünki bu anda münasibətlərin pozulması hər iki dövlərin maraqlarına cavab vermir".

Bütün xəbərlər Facebook səhifəmizdə