İstanbulda “Əlli dörd gün erməni mühasirəsində” kitabının təqdimatı keçirilib - FOTO
İstanbulun Aydın Universitetində Əli Əliyevin "Əlli dörd gün erməni mühasirəsində" kitabının təqdimatı keçirilib. SİA-nın məlumatıa görı, təqdimat İstanbulun Aydın Universiteti, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB və Türk Ocaqları İstanbul şöbəsinin təşkilatçılığı ilə keçirilib. Təqdimat Laçının Ermənistan tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı tədbir çərçivəsində baş tutub.
Təqdimatın təşkilatçılarından biri olan millət vəkili, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin sədri Qənirə Paşayeva "Əlli dörd gün erməni mühasirəsində" kitabı haqqında məlumat verərək, burada kitab müəllifi Əli Əliyevin canlı şahidi olduğu hadisələrin, 54 gün erməni mühasirəsində keçirdiyi mühasirə həyatının əks olunduğunu qeyd edib. Bütün Türk gəncliyini bu kitabı oxumağa səsləyən millət vəkili Qənirə Paşayeva bu kitabın Türkiyədə də yayılacağını bildirib.
Təqdimatda iştirak edən kitabın müəllifi, Laçın rayonundan məcburi köçkün Əli Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər ərazisində erməni mühasirəsində qaldığı 54 günlük mühasirə həyatından və Dağlıq Qarabağ münaqişəsinin ilk illərində şahidi olduğu hadisələr haqqında ətraflı məlumatlar verib. Qarabağ müharibəsinin bilavasitə iştirakçısı olan Əli Əliyev artıq 20 ildir Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində öz doğma torpağı Laçından didərgin düşdüyünü, məcburi köçkün həyatını yaşadığını, öz doğmalarının qəbirlərini ziyarət edə bilmədiyini bildirib. Lakin buna baxmayaraq tezliklə birlikdə Laçına, o cümlədən Ermənistanın işğalı altında olan digər torpaqlarımıza geri qayıdacağına əminliyini ifadə edib.
Təqdimatda iştirak edən Aydın Universitetinin Azərbaycan əsilli professoru Kamil Vəli Nərimanoğlu, Aydın Universitetinin rektoru prof. Dr. Yadigar İzmirli, Türk Ocaqları İstanbul şöbəsinin rəhbəri Cezmi Bayram çıxış edərək kitabla bağlı öz fikir və düşüncələrini tədbir iştirakçıları ilə bölüşüb.
Təqdimatın sonunda Ə.Əliyev kitabını imzalayaraq tədbir iştirakçılarına təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə