Ramiz Mehdiyev: \"İqtisadi inkişaf rəqabətinə görə Azərbaycan MDB məkanında birinci, dünya miqyasında isə 51-ci yeri tutur\"

"Azərbaycanın əvəzsiz tarixi nailiyyəti olan müstəqilliyinin əldə edilməsindən 20 il keçir". SİA-nın verdiyi xəbərə görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyanın rəhbəri Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyası tərəfndən (YAP) "Gülüstan" sarayında keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş "Azərbaycan 2020: inkişafın yeni hədəfləri" mövzusunda konfransda çıxışı zamanı deyib.


R.Mehdiyev qeyd edib ki, milli suverenliyin əldə edilməsi tariximizdə müstəsna bir hadisə olmaqla yanaşı, xalqımızın illərdən bəri apardığı milli azadlıq mübarizəsinin məntiqi nəticəsi sayıla bilər.


"Ancaq öz taleyinə sahib olmaq kimi milli ideyanın formalaşması Azərbaycanda asan baş vermədi. Bu təlatümlü mərhələdən keçdi. Müstəqilliyin ilk illərində Ermənistanın hərbi aqressiyası, Dağlıq Qarabağda erməni separatizmi, daxili ictimai-siyasi həyatda baş verən böhran ölkəni iflic vəziyyətinə salmışdı. Həmin vaxt hakimiyyətdə olan qüvvələr ölkədə baş qaldırmış vətəndaş qarşıdurmasının və etnik separatizmin qarşısının alınması iqtidarında deyildilər.


Həmin hakimiyyətin yanlış və səriştəsiz siyasəti nəticəsində Azərbaycanın dövlətçiliyi sarsıdılmışdı. İctimai-siyasi, mənəvi böhran, dövlətin, milli müstəqilliyin itirilməsi təhlükəsini yaratmışdı. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin hakimiyyətinin ilk illəri Azərbaycanın çarəsiz bir vaxtına təsadüf edirdi. 70-80 illərin Heydər Əliyevin sayəsində yaradılmış abad Azərbaycandan acınacaqlı bir miras qalmışdı".


R.Mehdiyev həmçinin vurğulayıb ki, ancaq ümummilli liderin qısa zamanda daxili və xarici siyasəti nəticəsində böhran, xaos aradan qaldırıldı, vətəndaş qarşıdurması, etnik separatizm meyllərinə birdəfəlik son qoyuldu.


"1993-cü ilin iyunundan sonra Azərbaycan qısa bir zamanda, sabitliyə, inkişafa qovuşdu. Bunlar heç şübhəsiz ümummilli lider Heydər Əliyevin uzaqgörən, və düşünülmüş siyasəti nəticəsində baş verdi".

O həmçinin bildirib ki, Azərbaycan BMT-nin yüksək inkişafı olan ölkələr kateqoriyasına daxil edilib. "Əgər Azərbaycan bir neçə il öncə 169 ölkə arasında bu məsələdə 101-ci yeri tuturdusa, indi 68-ci yerdədir. Bununla yanaşı iqtisadi inkişaf rəqabətinə görə Azərbaycan MDB məkanında birinci, dünya miqyasında isə 51-ci yeri tutur. Bu gün Azərbaycan ikitərəfli və çoxtərəfli əməkdaşlıqda ən etibarlı tərəfdaş kimi qəbul edilməkdədir. Azərbaycan dünyanın enerji təhlükəsizliyinə töhfə verən söz sahiblərindən birinə çevrilib",-deyə PA rəhbəri bildirib. O vurğulayıb ki, ölkəmizin ötən ili BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin bir müddət öncə Meksikada keçirilən 20-lərin görüşünə 10 ölkədən biri və MDB məkanından yeganə dövlət olması ölkəmizin diplomatik siyasi qələbəsini və onun uğurlarının dünya tərəfindən etiraf olunmasını göstərir. R.Mehdiyev qeyd edib ki, "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının bu ilin sonuna qədər hazırlanması nəzərdə tutulur. "Burada ölkənin keçdiyi yol, bu illər ərzində uğurları, son illər rellaşdırılan modern dövlət quruculuğu modeli öz əksini tapacaq",-deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...