Mübariz Əhmədoğlu: “Ermənistan Rusiyanın maraqlarından çıxış edərək onun dedikləri ilə oturub durur”

Mübariz Əhmədoğlu: “Ermənistan Rusiyanın maraqlarından çıxış edərək onun dedikləri ilə oturub durur”
\"20 ildir ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində heç bir addım atmayıb, əksinə imitasiya prosesi yürütməklə məşğul olub!. SİA-nın xəbərinə görə, bunu bugün keçirilən mətbuat konfransında politoloq Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin hələ də öz həllini tapmaması Ermənistan rəhbərliyini düşündürüb daşındırmalıdır: "Vaxt Ermənistanın ziyanına işləyir. Ermənistanın hansı vəziyyətdə olmasını adı çəkilən ölkədə keçirilən parlament seçkilərindən də aydın sezmək olar. Bu seçkilər bir növ həmin ölkənin taleyini həll edir".


Politoloqun fikrincə, Ermənistan dövlətinin DQ münaqişəsi kontekstindən istifadə edərək hansı siyasət apardığı belə məlum deyil: "Bu ölkə sırf Rusiyanın maraqlarından çıxış edərək onun dedikləri ilə oturub durur. Ermənistanla Rusiya arasındakı hərbi layihələrin əsasları da məhz bundan ibarətdir".


M.Əhmədoğlu hesab edir ki, DQ erməniləri ilə azərbaycanlılar arasında görüşün keçirilməsi etimad tədbirlərinin yaranmasına, eləcə də onlar arasında əməkdaşlığı daha da artıra bilər və bu da sonda DQ-nın statusunun həll edilməsinə gətirib çıxara bilər. O, Rusiya prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərin yanvarın 23-də Soçidə keçirilmiş görüşünə də toxunaraq bildirdi ki, burada da Ermənistan və Azərbaycan ictimaiyyətinin dialoqu əsas götürüldü: " DQ münaqişəsinin tənzimlənməsi Rusiya ilə Qərbin arasında fikir ayrılığı yaradıb. Danılmaz faktdır ki, Rusiya DQ münaqişəsinin tənzimlənməsində daha aydın fikir nümayiş etdirir".

Bütün xəbərlər Facebook səhifəmizdə