Misir qəzeti Azərbaycandan yazıb

Misirin ən çox oxunan nüfuzlu qəzetlərindən olan "Əl-Şuruk" qəzetində misirli jurnalist Əhməd Tərabiyin Azərbaycanın işğal olunmuş ərazilərində islam dini və mədəniyyət abidələrinin dağıdılmasından bəhs edən məqaləsi dərc edilib.

Azərbaycanın Misirdəki səfirliyindən AzərTAc-a bildiriblər ki, məqalədə işğal olunmuş Fələstin torpaqlarında islam irsinin məhv edilməsi ilə Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən törədilmiş vəhşiliklər müqayisə edilib.

Müəllif ermənilərin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, işğal edilmiş torpaqları azad etmək əvəzinə Qarabağın guya onların tarixi torpaqları olduğunu sübut etməyə çalışdıqlarını bildirib.

Məqalədə ermənilərin Azərbaycana qarşı təcavüzü sadəcə hərbi hücum, etnik təmizləmə, kütləvi qırğınla, insanları öz daimi yaşayış yerlərindən qovmaqla məhdudlaşmadıqlarını, işğal olunmuş ərazilərdə mədəni irsin, xüsusilə islam dininə aid mədəni və dini abidələrin köklü surətdə məhv edildiyi oxucuların diqqətinə çatdırılıb. Müəllif ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində islam dininə aid mədəni və dini abidələri dağıtdıqları və orta əsrlərə aid "Quran" kitabının nadir əlyazmalarını məhv etdiklərini bildirib. Yazıda bunun təkcə Azərbaycan xalqına deyil, sayı bir milyarddan artıq olan müsəlmanlara qarşı da təhqir olduğu bildirilib. Müəllif Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində 31 kitabxana fondunu, muzeyləri və mədəniyyət idarələrini də talan etdiyi barədə məlumat verib.

Məqalədə özünü dünyaya sülhpərvər xalq kimi təqdim etməyə çalışan ermənilərin çirkin əməllərinin azyaşlı uşaqlardan da yan keçmədiyi vurğulanıb. Müəllif cəbhə xəttində erməni snayperləri tərəfindən azyaşlı uşağın öldürüldüyünü, Ermənistan xüsusi xidmət orqanlarının uşaq oyuncağına bomba yerləşdirməsi nəticəsində 13 yaşlı gənc qızın qətlə yetirildiyini də qeyd edib.

Məqalənin tam mətni ilə bu linkdən (http://www.shorouknews.com/menbar/view.aspx?cdate=10042012&id=b7c3f53b-65b7-4cfe-8450-00115ec216b3) tanış olmaq mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə