NATO rəsmisi: “Cənubi Qafqazda mövcud münaqişələr regionda qeyri-stabil vəziyyət yaradır” - MÜNASİBƏT

NATO rəsmisi: “Cənubi Qafqazda mövcud münaqişələr regionda qeyri-stabil vəziyyət yaradır” - MÜNASİBƏT

Bu gün Bakıda "NATO-nun Çikaqo sammitinin əhəmiyyəti: Avroatlantik əməkdaşlıq üçün yeni imkanlar" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbiri NATO-nun ölkəmizdə koordinatoru missiyasını həyata keçirən Rumıniya səfirliyi NATO-nun mənzil-qərargahı və Azərbaycan NATO Beynəlxalq Məktəbi (NİSA) ilə birlikdə təşkil edib. Tədbirdə çıxış edən Rumıniya səfiri Daniel Kristina Çobanu bildirib ki, NATO-nun Çikaqo sammiti alyans üzvləri ilə tərəfdaş ölkələr arasında əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.

NATO mənzil-qərargahının nümayəndəsi Stefan Elqerzma isə çıxışında qeyd edib ki, Alyans Azərbaycanla əlaqələrə çox mühüm əhəmiyyət verir: "Cənubi Qafqaz regionunda həlli uzadılmış münaqişələrin mövcud olması regionda və ondan kənarda qeyri-stabil vəziyyət yaradır. Məhz bu zəmində biz ATƏT məkanında sülh və stabilliyin qorunması prinsipinə əməl olunmasında maraqlıyıq".

Azərbaycanla əməkdaşlıq məsələsinə də toxunan Stefan Elqerzma bildirib ki, NATO-nun Çikaqo sammitinə Azərbaycan da dəvət olunacaq.

Azərbaycan Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq şöbəsinin rəhbəri, general-mayor Ramiz Nəcəfov isə NATO-nun Çikaqo sammitində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələyə münasibət bildiriləcəyinə ümid etdiyini bildirib. Çikaqo sammitindən böyük gözləntilərin olduğunu söyləyən nazirlik rəsmisinin sözlərinə görə, orada qəbul ediləcək qərarlar gələcək əməkdaşlığa təkan verəcək: "Azərbaycan ümid edir ki, NATO-nun Çikaqo sammitində qurumun dövlətlərin ərazi bütövlüyü ilə bağlı əvvəlki qərarlarına sadiq qalınaraq, yekun sənəddə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələ də əksini tapacaq".

Azərbaycan-NATO əlaqələrinin tarixinə toxunan Ramiz Nəcəfov qeyd edib ki, əməkdaşlığın əsas sahələri treninqlər və təlimlərin keçirilməsi, NATO standartlarına uyğunlaşmadır.

Ramiz Nəcəfov bildirib ki, artıq Azərbaycanın aerodromları, hərbi gəmiləri NATO standartlarına uyğunlaşdırılıb: "NATO ilə əməkdaşlıq çərçivəsində müdafiə və təhlükəsizlik sektorunda bir sıra islahatlar aparılıb. Silahlı Qüvvələrin Akademiyasında "Müdafiə siyasəti və strategiyası" adlı fənn hazırlanaraq tədrisinə başlanılıb. Eyni zamanda silahlı qüvvələrin NATO qüvvələri ilə uzlaşmasının təmin edilməsi, texniki təkmilləşdirmə, hərbi təhsilin uyğunlaşdırılması, ingilis dili bacarıqlarının artırılması sahəsində də bir sıra nailiyyətlər əldə olunub".

Cari ilin iyun ayında Azərbaycanın Əməliyyat İmkanları Konsepsiyasına uyğun olaraq NATO-nun Birgə Əməliyyat Qüvvələri (OCC) üçün ayırdığı bölüyün qiymətləndirilməsinin keçiriləcəyini diqqətə çatdıran Müdafiə nazirliyinin rəsmisi bildirib ki, birinci səviyyəli qiymətləndirmə Bakıda NATO mütəxəssisləri tərəfindən keçiriləcək.

Qeyd edək ki, konfransda Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri, parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri, NATO Beynəlxalq Katibliyinin, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin, diplomatik korpusun təmsilçiləri iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə