Paytaxtda təmirə bağlanan yollar may ayında açılacaq- SİYAHI

Paytaxtda təmirə bağlanan yollar may ayında açılacaq- SİYAHI

Paytaxt Bakıda aparılan təmir işlərilə əlaqədar bəzi küçə və prospektlərdə avtomobillərin hərəkəti dayandırılıb. Təmirlə əlaqədar bəzi yollarında hərəkət istiqaməti dəyişdirilib. Bunu SİA-ya açıqlamasında "Azəryolservis ASC"-nın mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib. Belə ki, artıq bir neçə gündür ki, "28 may" küçəsi əsaslı təmir-tikinti işlərilə əlaqədar bağlanıb. "Hazırda Yusif Səfərov küçəsilə Kövkəb Səfərəliyeva küçələrinin kəsişməsində gedən təmir işlərilə əlaqədar bu istiqamətdə hərəkət məhdudlaşdırılıb. Zorge, Nizami, Dilarə Əliyeva, Qurtqaşınlı, Xətai prospektlərində aparılan təmir tikinti işləri davam etdirilir. Burada alternativ yol kimi digər küçələrdən istifadə etmək olar".

Qurum rəsmisi onu da bildirdi ki, hazırda Vaqif küçəsilə Ceyhun Hacıbəyov küçəsinin kəsişməsi, eləcə də, Azadlıq prospekti və Səməd Vurğun küçəsinə qədər geniş asfalt vurulur. Bu səbəbdən bu istiqamətdə yollar bir müddət bağlı qalacaq. "Həmçinin Əhməd Rəcəbli küçəsinin kəsişməsilə Ziya Bünyadov prospekti, Təbriz küçələrində təmir-tikinti işlərilə əlaqədar avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Digər bir təmirdə olan bağlı yol isə Şərifzadə küçəsidir\".

Bakıətrafı yollarda aparılan təmir işlərindən danışan Pünhan Mürsəliyev bildirdi ki, Binəqədi şossesinin Süleyman Sani Axundov küçəsi ilə kəsişməsindən Baksol yoluna qədər olan hissə və Baksol yolu bütünlükdə təmir edilir. "Vaxtilə bu yol mütəmadi olaraq axan kanalizasiya sularının təsirindən dağılmışdı. \"Azəryolservis\"in hesabına həmin ərazidə yeni kanalizasiya sistemi quruldu".

Son günlər əsaslı təmir işləri Binəqədi-Novxanı avtomobil yolunun sahil zolağında da aparılır ki, bir neçə gün sonra Binəqədi şossesində Bakı-Rusiya avtomobil yolunun Xırdalan ərazisindən keçən hissəsi də təmirə bağlanacaq.

2007-ci ildə salınan beton yolun yenidən təmirə bağlanma səbəblərinə aydınlıq gətirən Pünhan Mürsəliyev bildirdi ki, beton yol çəkilərkən 30 il müddətinə istismara verildiyi bildirilsə də bir neçə müddətdən sonra onun təmirə bağlanması normal haldır. "Beton yol salınarkən normalara tam uyğun şəkildə salınıb. Hazırda yolda bir neçə beton piltələrin dəyişdirilməsinə ehtiyac yaranıb ki, burada da tikinti işləri aparılır. Normalara uyğun olaraq bir il müddətində bir yolda 3,3 faiz hər hansı bir qüsur yaranarsa, onu normal hesab etmək olar. Əslində orta hesabla 4 ildə 13 faiz qüsurun yaranması mümkün idi. Lakin hesablamalar göstərir ki, burada yalnız 4 ildə 4 faiz qüsur yaranıb. Bu isə qənaətbəxş hesab olunur. Xatırladım ki, 4 il müddətində beton yolda heç bir təmir işləri aparılmayıb".

Qeyd edək ki, paytaxtda aparılan təmir işlərinin may ayına kimi tam başa çatacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə