Fransa prezidenti inkara görə cəza qanunu ilə bağlı qəribə danışdı

Fransa prezidenti inkara görə cəza qanunu ilə bağlı qəribə danışdı

Nikola Sarkozi: "Fransa prezidenti kimi vətəndaşları inkar etmənin təhlükəsindən qorumaq mənim borcumdur"


Fransa prezidenti Nikola Sarkozinin ermənipərəst mövqe hamıya məlumdur. Məhz onun dəstəklədiyi mənfur inkara görə cəza qanunu, sənədin ölkənin Konstitusiya Şurası tərəfindən ləğvi haqqında çox danışılıb. Fransa dövlət başçısının ardınca isə ölkədə prezidentliyə digər namizəd Fransua Olland da "erməni soyqırımı"nı inkarın cinayət müstəvisində dəyərləndirilməsinə tərəfdar çıxdığını bildirib. Bu barədəki mövqeyini o, yerli jurnallardan birinə müsahibəsində açıqlayıb.


"Frans press" bildirir ki, N.Sarkozinin seçkidəki sosiailst partiyasından olan rəqibi F.Olland hakimiyyətə gələn kimi sözügedən qanunun qəbuluna çalışmaqla mövcud istiqamətdəki söz-söhbətlərə son qoyacağını vurğulayıb. "Hesab edirəm ki, erməni soyqırımı kimi tarixi faktlarla təsdiqlənmiş soyqırımların qəbulu bizim dövlətin başlıca məsuliyyətidir. Bunu danmaq zorakılığın təzahürüdür ki, belə hallara respublikamızda yer yoxdur", - deyən namizəd bir az da xal qazanmaq üçün bildirib ki, inkara görə cəza qanununun ölkənin Konstitusiya Şurası tərəfindən ləğvi mövcud hakimiyyətin düzgün olmayan siyasətinin nəticəsidir. Onun qənaətincə, ermənilərin mənafeyini ifadə edən sənədin təbliği istiqamətində işlər düzgün aparılmayıb.


Bu arada N.Sarkozi də "erməni soyqırımı" ilə bağlı "ürək sözlərini" populist tonda dilə gətirib. "Mən üzərimə məsuliyyət götürmüşəm və onu yerinə yetirəcəm", - deyən prezident əslində gözlənilməz sayılacaq fikir səsləndirib: "Fransa prezidenti kimi vətəndaşları inkar etmənin ("erməni soyqırımı"nı danma nəzərdə tutulur - red.) təhlükəsindən qorumaq mənim borcumdur".


N.Sarkozinin sözlərindən belə anlaşılır ki, o, ölkədəki erməni diasporu və lobbisindən qorxur və qondarma soyqırımı danmanın yolverilməzliyini qanuniləşdirməklə hansısa sadə fransalının bunu inkar edərək zərər çəkməsini istəmir. Belədə Sarkozi həqiqətən də pis vəziyyətdədir. Nəzərə alsaq ki, təkcə 1973-1989-cu illərdə dünyada erməni terrorçu qruplaşmalarının ən çox terror aktı törətdikləri məmləkət məhz Fransadır, ölkənin hazırkı prezidentini aciz duruma gətirən durumu anlamaq mümkündür. Problem ondadır ki, Sarkozi fransızların təhlükəsiz yaşamaq hüququnu tanıyır, ancaq onların ifadə azadlığı kimi təməl hüququna hörmətlə yanaşmağı unudur. Unutqanlığın aradan qalxması üçünsə ölkədə ermənilər üzərində qurulan siyasətə ciddi korrektələr zəruridir. Amma görünür, nə hazırkı prezident, nə də Olland bunu etmək üçün özlərində cəsarət tapa bilməyəcəklər. Çünki konkret olaraq N.Sarkozi hökumətin "erməni soyqırımı"nın inkarının kriminallaşdırılmasını nəzərdə tutan yeni qanun layihəsi üzərində işlədiyini bir daha diqqətə çatdırıb. Bildirib ki, sənəd parlamentin hazırkı səlahiyyət müddətinin bitməsinə qədər qurumun müzakirəsinə təqdim olunacaq. O, eyni zamanda yeni layihədə Konstitusiya Şurasının qərarının nəzərə alınacağını da vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə