Əli Həsənov: “Hər bir Azərbaycan gənci fəal olmalıdır” - YENİLƏNİB

Əli Həsənov: “Hər bir Azərbaycan gənci fəal olmalıdır” - YENİLƏNİB

"Tək intelektli olmaq, xarici dil bilmək, Nizamini, Şekspiri originaldan oxumaq Azərbaycan gəncliyinin dövlətini təmsil etmək üçün kifayət deyil. Hər bir Azərbaycan gənci fəal olmalıdır". SİA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. O bildirib ki, Azərbaycan vətəndaşını, insanlarını hər zaman bölgədə, dünyada fərqləndirən cəhət onların fəallığıdır.

"Biz müdafiə olunmamalıyıq, haqlı olduğumuz halda hücum etməli, bacardığımız yerdə fəallıq nümayiş etdirməliyik. Gənclər, fəal olmayacağınız təqdirdə nə intelekt, nə milli hissiyatın güclü olması, nə dilləri bilmə, nə təhsilli olmaq Azərbaycanın problemlərini, gəncliyini dünyada ciddi amilə çevirə bilməyəcək. Hər bir azərbaycanlı gənc hansı düşərgədə olmasına baxmayaraq, Azərbaycan millətinin qeyrətini çəkməli, dövlətinə atılan hər bir prosesi özünə qarşı atılan daş kimi qəbul etməlidir. O zaman milli birliyinizi gənclər platforması üzərinə keçirəcəyik. Bu zaman xaricdə yaşayan azərbaycanlı gənclər birliyini dünyada mühüm qurumlardan birinə çevirəcəyik", - deyə Ə.Həsənov əlavə edib.

PA rəsmisinin sözlərinə görə, Bakıda keçirilən qurultay Azərbaycanda yaşayan, fəaliyyət göstərən, formalaşan gəncliyin deyil, eyni zamanda dünya ölkələrində yaşayan gəncliyin nümunəsidir: "Bu qurultaya dünyanın müxtəlif ölkələrində yaşayan və Azərbaycan gəncliyini təmsil edən gənclər toplaşıb. Bu gənclik bir-biri ilə, Azərbaycan dövlətinin gənclər siyasəti ilə yaxından tanış olacaq, Azərbaycandakı gənclərlə ünsiyyət quracaq, digər tərəfdən təşkilatlar da öz güclərini birləşdirərək dünya ölkələrinin həyatında mühüm faktora çevriləcəklər. Gənclərin birləşməsi üçün ilk növbədə onların birlikləri təsis olunmalı idi. Bu gün həmin qurultay keçirilir. Düşünürəm ki, bu qurultayda müxtəlif ölkələrdə yaşayan azərbaycanlı gənclər təşkilatlarının birgə koordinasiya mərkəzi yaradılacaq və bu, gələcəkdə dünya ölkələrindəki azərbaycanlıların səyini əlaqələndirəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə