Səməd Vurğun küçəsində yeni yol istifadəyə verildi

Səməd Vurğun küçəsində yeni yol istifadəyə verildi

Bu gün Bakı şəhərinin Səməd Vurğun küçəsində əsaslı təmir və yenidən qurmadan sonra yeni yolunun açılış mərasimi olub. SİA-nın məlumatına görə, Səməd Vurğun küçəsinin Süleyman Rəhimov, Şamil Əzizbəyov və Füzuli küçələrinin kəsişməsində yerləşən bu yol 220 metr uzunluğunda və 7 metr enində birtərəfli qaydada genişləndirilərək 23,5 m enində ikitərəfli yol düzəldilib. Açılış mərasimində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalov da iştirak edib. Bakı meri bildirib ki, bu yolla bərabər həmçinin piyadalar üçün 4 metr enində yeni səki salınıb, 1,5 metr enində ayırıcı zolaq düzəldilərək 200 kvadrat metr daş döşənib: "İtaliya istehsalı olan müasir işıqlandırma sistemi quraşdırılıb, 805 metr qranit səki daşı qoyulub, 26 ədəd luk quraşdırılıb, eləcə də ərazidən keçən mövcud kommunikasiya xətləri dəyişdirilərək yeniləri ilə əvəz olunub". Bakı meri bildirdi ki, genişləndirilmiş yolun Mirzəağa Əliyev küçəsinin kəsişməsinə qədər davam etdirilməsi nəzərdə tutulub ki, bu da tıxac probleminin aradan qaldırılmasına köməklik göstərəcəkdir. O, həmçinin prezidentin müvafiq tapşırığına əsasən burada 4500 avtomobil tutumlu 2 mərtəbəli yeraltı avtomobil qarajının və onun üzərində Yeni Park kompleksinin tikintisi işlərinə başlanılıdığını dedi: "Söküntü işləri gələn ayın sonuna qədər başa çatdırılacaq. Ərazidə işlərin tam başa çatdırılması isə 2013-cü ildə nəzərdə tutulub".

Bütün xəbərlər Facebook səhifəmizdə