Politoloqlar “Azərbaycan və Regional Təhlükəsizlik” mövzusunu müzakirə ediblər

Politoloqlar “Azərbaycan və Regional Təhlükəsizlik” mövzusunu müzakirə ediblər

"Avropanın təhlükəsizliyi müəyyən mənada Azərbaycandan asılıdır". SİA-nın xəbərinə görə, bu fikirlər Azərbaycan Milli İstiqlal Partiyasının "Azərbaycan və Regional Təhlükəsizlik" mövzusunda keçirdiyi dəyirmi masa zamanı səsləndirilib.


Tədbirdə çıxış edən Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə bildirib ki, regional vəziyyət gün-gündən gərginləşir. Onun sözlərinə görə, bu gün dünyada 3 narahat hövzə var: Fars körfəzi, Xəzər və Sarı dəniz hövzəsi. Y. Bağırov qeyd edib ki, hazırda digər 2 regionda hadisələr gərginləşir. Onun sözlərinə görə, Xəzər hövzəsində məsələ gərgin olmasa da Fars körfəzində gedən proseslərin Xəzər hövzəsinə təsiri qaçılmazdır. Xəzər hövzəsinin ABŞ, Rusiya, İran kimi böyük güclərin hər zaman maraq dairəsində olduğunu xüsusi qeyd edən Y. Bağırzadə bildirib ki, Rusiya və İran heç vaxt Xəzər dənizi ehtiyatlarının - qaz və neft məhsullarının Avropa bazarına daşınması prosesinin asanlıqla həyata keçirilməsini istəməz.


Toplatı zamanı Y.Bağırzadə qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin seçki öncəsi xarici mətbuata müsahibəsində Azərbaycan mövzusuna da toxunaraq İrana İsrail və NATO qüvvələrinin hava hücumunun başlanacağı təqdirdə azərbaycanlıların axınının başlayacağını deyib. "Sözünü heç nəylə əsaslandırmayan Putin bəhs etdiyi axının hara olacağı haqqında danışmayıb, o sadəcə azərbaycanlıların taleyindən narahat olduğunu dilə gətirib",-deyə Milli İstiqlal Partiyasının sədri bildirib.


Dəyirmi masada iştirak edən AXCP-nin sədr müavini Razi Nurullayev vurğulayıb ki, bu gün Azərbaycanın təhlükəsizliyi onun Avropaya inteqrasiyası ilə bağlıdır. O qeyd edib ki, əgər bu gün Azərbaycan üçün regionda təhlükə yaranarsa, ölkəni ilk müdafiə edən Türkiyə olacaq. Ona görə də Türkiyə ilə əlaqələrin genişləndirilməsi Azərbaycanın gələcəkdə təhlükəsizliklə təmin olunmasında böyük rol oynaya bilər. R.Nurullayev bildirib ki, Azərbaycan təhlükəsizliyini qorumaq və gələcək raket zərbələrindən müdafiə olunmaq üçün Qəbələ RLS-də öz hegemonluğunu göstərməldir.


Toplantı zamanı Avro-Atlantik Şurasının Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbər isə Türkiyə prezidenti Abdulla Gülün çıxışına diqqət çəkib. O bildirib ki, bu ölkənin dövlət başçısı öz çıxışında artıq Türkiyənin qonşuluğunda qeyri-demokratik ölkə istəmədiyini vurğulayıb və Azərbaycan da hər zaman bunu nəzərə almalıdır.


Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı isə çıxışı zamanı, ölkənin qlobal maraqların hədəfinə çevriləcəyini qaçılmaz hesab edərək vurğulayıb ki, Azərbaycan mövcud olan 2 təhlükəsizlik sisteminin heç birində yer almır. O vurğulayıb ki, "Enerji resurslarına görə və kommunikasiya baxımından Mərkəzi Asiya regionuna keçid bölgəsi olduğu üçün Azərbaycan xarici ölkələrin hədəfi ola bilər. Ona görə də ölkədə ilk növbədə islahatlar aparılmalı, Azərbaycan NATO ilə sıx əməkdaşlıq etməli, Türkiyə ilə isə strateji-hərbi əməkdaşlıq məsələlərini inkişaf etdirilməlidir".


Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli isə qeyd edib ki, Rusiya dünyanın Avropa modelinə etirazçı olan ölkədir. O bildirib ki, bu gün Avropanın təhlükəsizliyi müəyyən mənada Azərbaycandan asılı vəziyyətdədir. Gürcüstan prezidenti Mixeil Saakaşvilinin Azərbaycan Parlamentindəki çıxışına da toxunan Borçalı Cəmiyyətinin sədri xüsusi vurğulayıb ki, əslində Saakaşvili də çıxışı zamanı regionda təhlükəsizlik modelindən danışmağa çalışıb.


Dəyirmi masada iştirak edən Siyasi İnnovasiya və Texnologiyalar mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu isə çıxışı zamanı bildirib ki, Azərbaycanın xarici siyasətində bir dənə də olsun təsadüfi nəsə yoxdur. Hazırda aktual mövzulardan biri kimi İran və ətrafında baş verən məsələlərə diqqət çəkən politoloq qeyd edib ki, İran bu gün də həmişəki siyasətini davam etdirir. M. Əhmədoğlunun sözlərinə görə, İran yeri gəlsə, ermənidən də pis düşmən sayılır.



Aynurə Asimqızı

Bütün xəbərlər Facebook səhifəmizdə