Azərbaycan Dövlət Teleqraf Agentliyinin yaranmasından 92 il keçir

Azərbaycan Dövlət Teleqraf Agentliyinin yaranmasından 92 il keçir

Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTac) yaranmasından 92 il keçir. Respublikanın aparıcı informasiya agentliyi, yerli və xarici KİV-lər üçün yeganə rəsmi dövlət informasiya mənbəyi olan informasiya agentliyi 1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılıb. Sovet hakimiyyəti illərində müxtəlif adlarla fəaliyyət göstərib.

Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən sonra agentlik özünün tarixi adını bərpa edib. 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılıb.

AzərTAc rəsmi dövlət xəbərləri ilə yanaşı, ictimai-siyasi, iqtisadi mövzularda, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. haqqında fasiləsiz olaraq bütün sutka ərzində Azərbaycan, rus və ingilis dillərində informasiya verir.

Qeyd edək ki, AzərTAc İTAR-TASS (Rusiya), Anadolu agentliyi (Türkiyə), Sinxua (Çin), Rompress (Rumıniya), Ukrinform (Ukrayna), BTA (Bolqarıstan), ANSA (İtaliya), İRNA (İran), TANYUQ (Serbiya), BELTA (Belarus), Moldpres (Moldova), ATA (Albaniya), MTI (Macarıstan), MENA (Misir), PETRA (İordaniya), ANTARA (İndoneziya), MONTSAME (Monqolustan), Yonhap (Koreya Respublikası), LETA (Latviya), Kabar (Qırğızıstan) informasiya agentlikləri ilə əməkdaşlıq haqqında sazişlər imzalamışdır. 2004-cü ildə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına(OANA) üzv qəbul edilmişdir. AzərTAc Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Ölkələrin Xəbər Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin milli informasiya agentlikləri assosiasiyasının (PANİA) təsisçilərindən biridir. AzərTAc 2008-ci ildən \"AsiaPulse\" - Asiya Xəbər Agentlikləri Konsorsiumunun üzvüdür. AzərTAc-ın Türkiyə, Rusiya, ABŞ, Fransa, Almaniya, Avstriya, İran, Ukrayna, Gürcüstanda, Orta Asiya və Qazaxıstanda, respublikanın bölgələrində müxbir məntəqələri fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə