Ramil Usubov pakistanlı general Xalid Şamim Vaynın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün ölkəmizdə səfərdə olan Pakistan Birləşmiş Qərərgah Rəisləri Komitəsinin sədri, general Xalid Şamim Vaynın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qonaqları səmimiyyətlə salamlayan nazir iki ölkə arasındakı dostluq əlaqələrinin tarixi kökləri olduğunu xatırladıb və deyib ki, Azərbaycan Pakistan ilə diplomatik münasibətləri yaranan gündən bu əlaqələr strateji müttəfiqlik müstəvisində beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla inkişaf edir.
Sonra qonaqlara cinayətkarlığa qaşı mübarizənin vəziyyəti və kriminogen durumla bağlı məlumat verilib.
R.Usubov transmilli mütəşəkkil cinayətkarlığın ayrı-ayrı təzahürlərinə, o cümlədən beynəlxalq terrorçuluğa, qeyri-qanuni miqrasiya və insan alverinə, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb.
General Xalid Şamim Vayn ətraflı məlumata görə minnətdarlığını bildirib, Pakistanın bundan sonra da həmişə Azərbaycanın yanında olacağını, onun haqq işini müdafiə edəcəyini söyləyib.
Səmimilik və dostluq şəraitində keçirilən görüşdə bir sıra digər məsələlər də müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB