"Qardaş" ifadəsi İranın prezidenti M.Əhmədinejadın ən çox işlətdiyi ifadələrdəndir. Azərbaycan Prezidentinə qardaş deyəndə ayıldım, elə bil, əvvəllər onun işlətdiyi bu ifadəyə fikir verməmişdim deyə, sevinmişdim ki, İranın və Azərbaycanın prezidentləri, İran prezidentinin anlamına görə qardaşdırlar. Sonuncu dəfə Bakıda olarkən M.Əhmədinejad hətta "qardaş" dediyi Azərbaycan Respublikası Prezidentinə ABŞ və Qərb qarşısında İranı rəşadətlə müdafiə etdiyinə görə xüsusi təşəkkür bildirmişdi. Az sonra İrandan Azərbaycana qarşı hücumlar artdı. Yeni-yeni saytlar, mətbu orqanları yarandı. Hamısı da M.Əhmədinejadın "qardaşının" rəhbərlik etdiyi ölkəyə qarşı o ölkənin dilində mübarizə aparmağa başladı. M.Əhmədinejaddan sonra İranda yaranan Azərbaycan dilli mətbu orqanlarının sayı belə 5 və ya 10 deyil. M.Əhmədinejad hökumətindən qidalanan, Azərbaycan Respublikasına qarşı işləyən, İranda və AR-da fəaliyyət göstərən mətbu orqanlarının sayı yüzə çatmışdır. Əlbəttə, bu saytların içərisində bütün mövcudluğu dövrü cəmi iki-üç dəfə yenilənmiş saytlar da var. Amma gündəlik mütəmadi əsasda işləyən mətbu orqanları da az deyil. Ən azı, 10-15-i belələrindəndir. M.Əhmədinejadın dövründə yaranan mətbu orqanlarının hamısında bir ümumi xüsusiyyət var: yaxşının nə olduğunu bilmirlər; pislik, söyüş, qarğış, hiylə, kələk bu mətbu orqanlarının qida mənbələridir.
Bir neçə gün bundan öncə Tehranda M.Əhmədinejadın iştirakı ilə ispandilli televiziya açıldı. İspandilli televiziyanın açılmasının İranın prezidentinin Latın Amerikasının ispandilli ölkələrinə səfərindən sonra baş tutduğunu anlayan kimi barmağımı dişlədim: Aha! Yəqin, Mahmud Əhmədinejad Venesuela, Kuba və sair bu kimi ölkələrin liderlərinə də "qardaş" deyib. Ona görə indi gəlib, qardaşlarının dilində televiziya açır. Görünür, birinin qocalığı, birinin xərçəng xəstəliyi, birinin ağıldan "o söz" olması M.Əhmədinejadı ispandilli televiziya açmağa daha da şirnikləşdirib. Məntiqlə M.Əhmədinejad bu televiziyanın açılması ilə ya məşğul olmamalı, ya da yubatmalı idi. Belə ki, öz ölkəsində əhalinin sosial iqtisadi vəziyyətinin yaxşı olmadığı bir halda xəzinənin pulunu o istiqamətdə xərcləmək o qədər də yaxşı deyil. Görünür, "qardaş" sözünün M.Əhmədinejadda yaratdığı daxili ehtiras o qədər güclü olub ki, özünü saxlaya bilməyib ispandilli televiziyanı açmışdır.
İran televiziyasının "qardaş" deyib, dalısınca da həmin "qardaşı"nın dilində mətbu orqanı yaratmaq vərdişini və eləcə də bu mətbu orqanının yaratdığı effekti ümumiləşdirib bircə şeyi dəqiq deyə bilərəm ki, təkcə azərbaycan dilli və ispan dillilər deyil, həm də ingilis, fransız, urdu, kürd və boşnakdilli ölkələr də İranın dostu deyil.
"Qardaş" deyə-deyə mətbu orqanları yaradırsınız, amma daha sanballı mətbu qurumları təşkil etmək olar: hər halda onlar İranın adından danışırlar. Misal üçün, bir də görürsən, kimsə şeytançılığın, tərbiyəsizliyin, uşaq nadincliyinin harada olduğunu nümayiş etdirməyə daxili ehtiyac hiss edir. Allah Cəlil Məmmədquluzadəyə rəhmət etsin, ədəbiyyata yaxşı bir personaj gətirmişdir: saqqallı uşaq. Belə getsə, sizə məsləhət vermək barədə düşünəcəyəm; sonra siz də öz mətbu orqanlarınıza və ətrafınıza məsləhət verməyin qaydalarını öyrədəsiniz. Adətən başda savad, ağıl az olanda özündənrazılıq və yekəxanalıq üçün daha çox yer qalır. İnanın mənə, efirdə Qarabağsız Azərbaycan xəritəsini nümayiş etdirib, ardınca o məzmunda danışmağı nəinki qədim peşə sahibləri hətta şeytan bacara biləməz.
İran prezidenti M.Əhmədinejadın bu xasiyyətindən yaxşılığa da istifadə etmək mümkündür. Həyatda, təbiətdə çox hadisələr, çox proseslər var ki, ilk baxışda qorxulu və ya öldürücü görünür. Alimlər o hadisəni öyrəndikdən sonra həmin zəhəri və ya prosesi bəşəriyyətin xeyrinə işlətməyi bacarırlar. Başqalarını bilmirəm, Azərbaycan üçün son illərdə ən faydalı şeylərdən biri M.Əhmədinejadın "qardaş" deyə-deyə düşmənçilik etməsi oldu: özümüzü səfərbər etdik, bədənimizin soyuq gələn tərəfini daha yaxşı qorumağa başladıq, qarşımıza daha iri hədəflər qoyduq. Yoxsa bu vaxtadək, cəmi bir düşmənimiz var idi-kiçik Ermənistan. O Ermənistan ki, necə deyərlər, artıq mədəmizdədir və haçansa tamam həzmi-rabedən keçirəcəyik.
Sağ ol, Qardaş Mahmud Əhmədinejad; Nə badə düşmənçilikdən əl çəkəsən, körüyü bas!
Bu Azərbaycan prezidenti və Venesuelanın prezidenti M.Əhmədinejadın qardaş adlandırdıqlarıdır və belə rəftar edir. İranda elə şəxs var ki, M.Əhmədinejad ona ata deyir, çünki M.Əhmədinejadı hakimiyyətə o gətirib. Qardaşlarının başına belə oyun açan M.Əhmədinejadın əlinə fürsət düşəndə, gör \"atasının\" başına nələr gətirəcək.
Mübariz Əhmədoğlu,
Siyasi İnnovasiya və Texnolagiya Mərkəzinin rəhbəri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB