Qadın və Uşaqların Problemlərinin Araşdırılması İctimai Birliyi Xocalı faciəsinin 20-ci ildönümü qeyd edib
"Xocalı faciəsi müasir tariximizdə Azərbaycanın müstəqilliyinə qarşı yönəldilən ən böyük terror aktıdır". SİA-nın xəbərinə görə, bu fikirlər "Qadın və Uşaqların Problemlərinin Araşdırılması" İctimai Birliyi (QUPAİB) tərəfindən Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı keçirilən anım tədbirində səsləndirilib.
Tədbiri giriş sözü ilə açan QUPAİB-in sədri Kəmalə Əliyeva Xocalı soyqırımının xalqımızın qəlbində heç vaxt sağalmayacaq bir iz qoyduğunu bildirib. O qeyd edib ki, bu faciənin dünya miqyasında tanınması və soyqırım kimi qəbul edilməsi istiqamətində işlər mütəmadi olaraq davam etdirləcək.
Anım mərasimində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul işçisi Vəsilə Mövsümova isə qeyd edib ki, terror və təcavüz Ermənistanın dövlət siyasətinin əsasıdır: "Özlərini müasir, sivil və demokrat sayan dövlətlər təəssüf ki, hələ də 20 yaşı tamam olmayan Xocalı soyqırımını tanımaq istəmir". V. Mövaümova xüsusi olaraq vurğulayıb ki, bu tarix yalnız 26 fevralda deyil, Xocalı, Şuşa, Laçın və digər işğal olunan torpaqlarımızın azad olunmasına qədər hər gün anılmalıdır.
Tədbirdə çıxış edən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri, ehtiyatda olan zabit Mehdi Mehdiyev bildirib ki, münaqişənin uzadılaraq həll olunmamasının əsas səbəbi, bu işdə üçüncü əlin olmasıdır. Onun sözlərinə görə, günü bu gün müharibə başlansa, şübhəsiz olaraq, işğaldakı torpaqlarımız geri qaytarılacaq.
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının idarə heyətinin üzvü Günel İbrahim isə çıxışı zamanı bildirib ki, gün Avropada ermənilərin qəzəbinə inanırlar. Onun fikrincə, ona görə də bu faciənin ildönümü sadəcə matəm kimi qeyd olunmamalı, eyni zamanda strateji baxımdan nələrsə edilməlidir.
Tədbirdə vurğulanıb ki, ermənilərin türklərə qarşı əsrlərlə apardığı düşmənçilik siyasəti Xocalı soyqırımında özünü açıq şəkildə biruzə verib. Bunun üçün də artıq türk millətinin birləşməyinin və erməni, eləcə də onlara havadarlıq edənlərə kim olduğumuzu göstərməyin vaxtı gəlib çatıb.
Aynurə Asimqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB